...

Bakıətrafı qəsəbələrdə daşınmaz əmlakın satışı ilin sonunadək 30-35 faiz arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Ekspertlər hesab edirlər ki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi daşınmaz əmlak bazarını aktivləşdirir. Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin nəşr etdirdiyi "Daşınmaz əmlak" jurnalında dərc olunmuş məqalədə deyilir.

"Artıq daşınmaz əmlak bazarına kommunal xidmətlərin yaxşılaşdırılması, abadlaşmış yolların, müasir sosial obyektlərin yaranması, yeni iş yerlərinin açılması kimi amillərin təsiri hiss olunur", - "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov belə hesab edir.

Onun sözlərinə görə, şəhərin ətrafına aid olan Abşeron, Xəzər, Qaradağ rayonlarında, Hövsan, Nardaran, Şağan, Balaxanı, Sulutəpə və digər qəsəbələrdə qiymətlər artıq böhrandan əvvəlki səviyyəyədək yüksəlib.

"Əgər qiymətlərin son həddinin müşahidə olunduğu 2007-ci ildə burada torpağın bir sotu orta hesabla 4051 dollar idisə, indi bu göstərici 5162 dollar təşkil edir. Bu dövrdə mənzillərin qiymətləri bir kvadratmetr üçün 798 dollardan 913 dollaradək yüksəlib", - İbrahimov bildirib.

Ekspertlərin sözlərinə görə, Bakı qəsəbələrində infrastrukturun yaxşılaşdırılması şəhər ətrafına marağı artırır. Proqramın qəbul edilməsindən sonra bu proses intensivləşib.

Belə ki, "Evimiz" əmlak agentliyinin rəhbəri Yusif Məmmədovun sözlərinə görə, ətraf qəsəbələrdə ev almaq istəyən şəxslərin sayı ötən illə müqayisədə artıb.

"Bu il bu göstəricidə artım ötən illə müqayisədə 18-20 faiz təşkil edib", - Məmmədov bildirib.

Məmmədov hesab edir ki, qəsəbələrdə su və qaz təchizatı ilə bağlı problemlərin həlli şəhərətrafı ərazilərdə daşınmaz əmlak bazarını canlandırıb və ilin sonunadək bu ərazilərdə daşınmaz əmlakın satışı təxminən 30-35 faiz artacaq.

Xəbər lenti

Xəbər lenti