...

Azərbaycan kənd təsərrüfatının inkişaf etdirilməsində başqa ölkələrə kömək edə bilər - FAO

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 15:43 (UTC +04:00)
Azərbaycan yardım alan ölkədən kənd təsərrüfatı sahəsində başqa ölkələrə kömək etməyə qadir olan dövlətə çevrilib.
Azərbaycan kənd təsərrüfatının inkişaf etdirilməsində başqa ölkələrə kömək edə bilər - FAO

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov

Azərbaycan yardım alan ölkədən kənd təsərrüfatı sahəsində başqa ölkələrə kömək etməyə qadir olan dövlətə çevrilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini və Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional nümayəndəsi Fernanda Quyereri deyib.

"Bu gün Azərbaycan Qırğızıstan, Tacikistan, Əfqanıstan kimi ölkələrə kənd təsərrüfatının inkişaf etdirilməsində texniki dəstək göstərməyə qadirdir", - Quyereri bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük potensialı var və ölkə Qərbi Afrika ölkələrinə və belə köməyə ehtiyacı olan digər ölkələrə bu sahədə dəstək ola bilər.

"FAO çərçivəsində kömək göstərilməsi üzrə xüsusi proqramlar işləyir və Azərbaycan onlarda iştirak edə bilər", - o deyib.

FAO aclığa qarşı beynəlxalq fəaliyyətdə mühüm rol oynayır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə xidmət göstərən təşkilat neytral forum kimi çıxış edir, burada dövlətlər bərabərhüquqlu əsasda sazişlərin müzakirəsi və siyasi məsələlər üzrə müzakirələr aparır.

Təşkilat inkişaf etməkdə olan ölkələrə və iqtisadiyyatları keçid dövründə olan ölkələrə kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı ilə bağlı metodları müasirləşdirmə və təkmilləşdirmədə kömək edir. Təşkil olunduğu 1945-ci ildən bəri təşkilat dünyanın aclıq problemi ilə üzləşən sakinlərinin 70 faizdən çoxunun yaşadığı kənd zonalarına xüsusi diqqət yetirir.

Təşkilata 191 üzv ölkə, iki assosiativ üzv və bir təşkilat - Aİ daxildir.

Romadakı mənzil-qərargahla yanaşı, təşkilat 130-dan çox dövlətdə mövcuddur. Təşkilatın mərkəzləşdirilməmiş nümayəndəlikləri beş regional, 11 subregional şöbə, iki çoxprofilli mütəxəssis qrupu, dövlətlərdə 74 şöbə (regional və subregional şöbələrdə olanlar müstəsna), texniki ekspertlər və ya təşkilat nümayəndələri ilə 8 şöbə, həmçinin 36 ölkədə çoxakkreditasiyalı nümayəndəlikdə fəaliyyət göstərir.

Təşkilat 2010-cu ildə 903 milyon dollar dəyərində proqram və layihə həyata keçirib. Maliyyələşdirmənin təxminən 4 faizi təşkilatın texniki əməkdaşlıq proqramı və Qida Təhlükəsizliyi sahəsində Xüsusi Proqramına üzvlük haqqından əldə olunub. Qalan 96 faiz könüllü üzvlük haqları ilə Hökumət Əməkdaşlığı Proqramı (44 faiz), birtərəfli məqsədli fond (6 faiz), digər etibarlı fondlar (46 faiz), o cümlədən BMT-nin müştərək proqramları çərçivəsində əldə olunub.

Xəbər lenti

Xəbər lenti