...

Bankların müflisləşməsi halında Azərbaycanda əmanətlərin qaytarılma müddəti azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2011 15:30 (UTC +04:00)
Bankların müflisləşməsi halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əhaliyə sığortalanmış əmanətlərin qaytarılma müddəti qısaldılacaq.
Bankların müflisləşməsi halında Azərbaycanda əmanətlərin qaytarılma müddəti azalacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bankların müflisləşməsi halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əhaliyə sığortalanmış əmanətlərin qaytarılma müddəti qısaldılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Fondun icraçı direktoru Azad Cavadov deyib.

"Fond yeni Avropa direktivlərinə uyğun olaraq, qanunvericiliyə dəyişikliklər layihəsini hazırlayıb. Hazırda ADIF bu təklifləri Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırır", - Cavadov bildirib.

Onun sözlərinə görə, Fond maksimum 14 gün ərzində ödəniş etmək imkanını təmin edən yeni proqram təminatına keçəcək.

Hazırda ölkədə qüvvədə olan qanunvericiliyə görə, ödənişin yerinə yetirilmə müddəti əmanətçinin banka və ya Fonda müraciətindən etibarən 90 gün təşkil edir.

"Bizim əsas məqsədimiz bu müddəti 14 günədək azaltmaqdır. Həmin müddətdə yalnız müraciətə baxışa başlamaq yox, həm də bu müddətdə ödənişi həyata keçirmək vacibdir", - Cavadov deyib.

AƏSF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb.

Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü Fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab verə bilmədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanətlərin qəbulunu apara bilmir.

ADIF-in fəaliyyəti ərzində Azərbaycanda heç bir bankın müflisləşməsi qeydə alınmadığı üçün Fond heç bir ödəniş etməyib.

Xəbər lenti

Xəbər lenti