Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir N.İsmayılova/
İyul ayının 1-dən indiyədək Azərbaycanda onlayn rejimdə birbaşa qeydiyyat sistemi tətbiq olunandan bəri Bakı şəhəri üzrə 1950-yə yaxın fiziki şəxs elektron qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Vergilər" qəzeti Bakı şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinin rəisi Ədalət Fərəcova istinadən yazıb.
Bu ilin iyul ayının 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə birbaşa qeydiyyata alınmasına başlanıb. Elektron qeydiyyat sisteminin tətbiqi nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə şərait yaradır.
Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsinə, sahibkarların vergi orqanına gəlmək asılılığının minimuma endirilməsinə, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılmasına, eləcə də həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək.
Fərəcovun sözlərinə görə, 27 sentyabr 2011-ci il tarixinə qədər olan göstəriciyə əsasən, departamentin nəzarət dairəsində 165 125 vergi ödəyicisi var ki, onlardan 37 940-ı fiziki şəxs, 127 185-i isə hüquqi şəxsdir.
"2011-ci ildə istər vergi ödəyicilərinin qeydiyyatında, istərsə də digər uçot rekvizitləri üzrə vergi ödəyicilərinin müraciətlərində nəzərəçarpacaq artım müşahidə olunub", - idarə rəhbəri deyib.
Onun sözlərinə görə, Bu ilin 8 ayında 6 912 fiziki şəxs qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,6% coxdur. 8 ay ərzində departamentdə 21 005 təsərrüfat subyekti (obyekti) qeydiyyata alınıb, 3 914 POS-terminal quraşdırılıb. Ötən ilin 8 aylıq dövrü ilə müqayisədə bu, müvafiq olaraq, 3,5 dəfə və 10 dəfə çoxdur.