...

Əcnəbi turistlər Azərbaycanda ildə bir milyard dollardan çox xərcləyirlər - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycana gələn turistlər ölkədə ildə bir milyard dollardan çox pul xərcləyirlər. Bu barədə Trend-ə cümə günü mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib.

"Azərbaycana ildə təxminən 2 milyon turist gəlir, onların hər biri ən azı 500-600 dollar xərcləyir. Hesablamaq olar ki, ölkə turistlərdən ildə təxminən bir milyarddan çox dollar qazanır", - o bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın turizmdən gəlirləri ildən-ilə artır. "Məsələn, bu il turist axını ötən illə müqayisədə 14-15 faiz artıb. Gələn il artım 20 faizə çata bilər", - Əliyev deyib.

Onun sözlərinə görə, turizm siyasətinin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, reklam işləri, beynəlxalq turizm sərgilərində, beynəlxalq təşkilatlarda iştirak, Azərbaycanın turizm məhsulunun dünya bazarlarına çıxarılması və digər tədbirlər üçün nazirlik xətti ilə ildə 6 milyon manatdan çox vəsait ayrılır.

"İldən-ilə dövlət büdcəsi artır və müvafiq olaraq turizm sektorunun inkişafına olan xərclər də artır", - o deyib.

Əliyevin sözlərinə görə, ümumilikdə dövlət tərəfindən turizmin inkişafı üçün ayrılan pullar bu vəsaitlərdən dəfələrlə çoxdur.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyasının layihəsi turizm xidmətlərinin ölkə ÜDM-dəki xüsusi çəkisinin 2009-cu ildəki 0,8 faizdən 2025-ci ildə ən azı 3 faizə çatdırılmasını nəzədə tutur. 2010-cu ilin nəticələrinə görə, bu göstərici artıq 1 faizə çatıb.

Bununla yanaşı, nazirlik turizm və səyahətlər sahəsində rəqabət qabiliyyətinin indeksinin 2009-cu ildəki 3,84-dən 2025-ci ildə 4,5 və daha artıq, turizm və səyahət sahəsində nizamlanma çərçivələri indeksinin 4,95-dən 6 və daha artıq, biznes-mühit və infrastrukturun 3,19-dan 4,5 və daha artıq, insan, mədəni və təbii resursların 3,4-dən 4,5 və daha artıq artacağını proqnozlaşdırır.

Sentyabrın 30-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti