Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir N.İsmayılova/
MDB ərazisində vahid maliyyə-bank məkanının yaradılması üçün 2017-ci ilədək hesablanmış fəaliyyət planı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən MDB iştirakçısı olan ölkələrin beynəlxalq bank konfransında MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev deyib.
"Bu proses mərhələli şəkildə aparılmalıdır. Birinci mərhələ hesablaşmaların milli valyutada artırılmasını əhatə edir. Növbəti mərhələlər vahid valyutanın yaradılmasına gətirib çıxarmalıdır, lakin dövlətlər arasında vahid valyuta məsələsi üzrə razılaşma hələlik əldə edilməyib. Vahid valyuta qismində avras və ya rublun tətbiq edilməsi təklif edilirdi", - Lebedev bildirib.
Onun fikrincə, görünür, MDB-də gömrük ittifaqının və vahid iqtisadi məkanın yaradılması bu məsələnin həllini tezləşdirməyə məcbur edəcək.
Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin vahid dövlətlərarası ödəniş-hesablama vahidi qismində avrasın tətbiqi təşəbbüsü ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2009-cu ildə II Astana İqtisadi Forumunda çıxış edib.
Qazaxıstan Prezidentinin fikrincə, belə valyutanın məzənnəsi dünya valyutalarının dəyişməsindən asılı olmamalıdır.
"Yeni valyuta sistemi sabit uzunmüddətlı infrastruktur investisiya qoyuluşlarını və operativ mövcud əməliyyatları tətbiq etməyə imkan verəcək", - Prezident hesab edir.
Nazarbayevin qənaətincə, belə valyuta dövlətlər, hüquqi və fiziki şəxslər və AİB ölkələri arasında sabit ritmik nağdsiz əməliyyatları təmin etməlidir.
Onun fikrincə, belə elektron-hesablama vahidi, məsələn, "avras" və ya "avrasiya" adlana bilər.