...

Azərbaycan islam maliyyələşdirilməsi üzrə regional mərkəzə çevrilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan islam maliyyələşdirilməsi üzrə regional mərkəzə çevrilə bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü MDB iştirakçısı olan dövlətlərin IV Bakı Beynəlxalq Bank Konfransındakı müzakirələr zamanı Azərbaycan Beynəlxalq Bankında (ABB) islam bankçılığının tətbiqi üzrə işçi qrupunun rəhbəri Bəhnam Qurbanzadə deyib.

İslam məhsullarının tətbiqi və xidmətləri üzrə ABB-nin məşvərətçisi "Salans", KPMG, "Pinsent Masons" və "Dar al Shariah" konsorsiumudur.

"Biz məşvərətçilərlə birlikdə ötən həftə Azərbaycanın bank və vergi qanunverciliyinin təhlilini başa çatdırmışıq və nəticəyə gəlmişik ki, bir neçə xidmətin tətbiqi və layihələrin maliyyələşdirilməsi üçün islam "pəncərəsi"nin də daxil ola biləcəyi "pəncərə" mövcuddur", - Qurbanzadə bildirib.

Onun sözlərinə görə, korporativ sektoru və riteyli əhatə edən 6 məhsul hazırlanıb.

"İndiyə qədər dünyada bank daxilində mini-bankın yaradılması təcrübəsi olmayıb. Bizim məşvərətçilər tərəfindən təklif irəli sürülüb ki, mövcud struktur ABB-nin daxilində ola bilər və həm xarici investisiyaların cəlb edilməsi, həm də daxili müştərilərin maliyyələşdirilməsi baxımından böyük fayda verə bilər", - ABB nümayəndəsi qeyd edib.

Növbəti mərhələdə ölkənin Mərkəzi Bankından bu istiqamətdə daha aktiv fəaliyyətin tətbiqi üzrə icazə almaq üçün təklif hazırlanacaq.

"Bu, Azərbaycana islam maliyyələşdirilməsi üzrə regional mərkəzə çevrilmək imkanı verəcək. Bizim əlverişli geosiyasi mövqeyimiz, qonşularımız var. Onlara islam maliyyələşdirilməsi yad deyil. Rusiya, Qazaxıstan kimi bazarlar var, lakin digər bazarlara çıxmaq üçün də böyük imkanlar mövcuddur", - Qurbanzadə deyib.

Gələcəkdə Azərbaycan beynəlxalq bazarlarda peşəkar kadrlardan və bu sahədəki əlaqələrdən istifadə etməklə MDB ölkələrinin bazarlarına çıxa bilər və yerli sahibkarlarla birgə iş təcrübəsindən istifadə etməklə bu ölkələrdə islam bankçılığını tətbiq edə bilər.

Xəbər lenti

Xəbər lenti