...

İlk Azərbaycan bankı Türkiyə bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr / Trend , müxbirlər İ.Xəlilova, A.Tağıyeva /

"Texnika Bank" ASC-nin nümayəndəliyinin İstanbulda rəsmi açılışı dekabrın 16-da keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı bankdan bildiriblər.

"Bu, Texnika Bank-ın ölkə hüdudlarından kənarda ilk törəmə strukturu olacaq", - bankdan deyiblər.

"Texnika Bank" Türkiyə bazarında ilk Azərbaycan bankı olacaq, çünki indiyədək digər banklar tərəfindən bu ölkədə struktur bölmələrin açılacağına dair planların səsləndirilməsinə baxmayaraq, hələlik onlardan heç biri bu bazara çıxmayıb.

Bir müddət əvvəl bankın idarə heyətinin sədri Samir Hüseynovun Trend-ə verdiyi məlumata görə, "Texnika Bank"ın Türkiyədə nümayəndəliyinin açılması Türkiyə bankları ilə sıx əməkdaşlığı yoluna qoymağa, ticarət maliyyələşdirilməsinin genişləndirilməsi üçün əlavə imkanların yaranmasına imkan verir.

"Birinci nümayəndəliyi, Azərbaycanla Türkiyə arasında sıx qarşılıqlı əlaqələri, habelə ölkələr arasında mal dövriyyəsinin böyük həcmini nəzərə alaraq, İstanbulda açmağı planlaşdırırıq", - Hüseynov deyib. "Biz Azərbaycan və Türkiyə bazarlarına sərmayə qoymaq istəyən Azərbaycan, həm də Türkiyə şirkətlərinə kömək etməyə və onlara öz bank məhsullarımızı təklif etməyə hazırıq", - bankın rəhbəri bildirib.

Türkiyə KİV-in yaydığı məlumata görə, bank gələcəkdə Türkiyə nümayəndəliyini filiala çevirməyi planlaşdırır.

Strategiyaya əsasən, bankın Türiyə bazarı ilə yanaşı, daha iki ölkənin - Rusiya və BƏƏ-nin bank bazarlarına çıxmaqla bağlı planları var. "Biz Moskvada və Dubayda nümayəndəliklər açmağı planlaşdırırıq, lakin bu planların reallaşdırılması müddəti hələ dəqiqləşdirilməyib", - Hüseynov bildirib.

"Texnika Bank" Azərbaycan Beynəlxalq Bankından, Qafqaz İnkişaf Bankından və "Zamin Bank"dan sonra ölkənin hüdudlarından kənarda təmsil olunacaq artıq dördüncü bank olacaq.

"Texnika Bank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti