...

Bakıda "Sığorta şirkətlərində korporativ idarəetmə" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 19:22 (UTC +04:00)
Bakıda "Sığorta şirkətlərində korporativ idarəetmə və məlumatların açıqlanması" mövzusunda seminar keçirilib.
Bakıda "Sığorta şirkətlərində korporativ idarəetmə" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsi və "Isgandarov & Partners" konsaltinq şirkətinin təşkilatçılığı ilə Bakıda "Sığorta şirkətlərində korporativ idarəetmə və məlumatların açıqlanması" mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, korporativ idarəetmə əsasları və prinsipləri sığorta şirkətləri üçün çox vacib və mühümdür. O qeyd edib ki, sığorta şirkətlərinə həm yerli qanunvericiliklə, həm də qabaqcıl beynəlxalq təcrübə ilə (o cümlədən, Sığorta Nəzarətçiləri Beynəlxalq Assosiasiyasının korporativ idarəetməyə dair standart) korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi tövsiyə olunur.

IFC Azərbaycan Korporativ İdarəetmə Layihəsinin rəhbəri Karolayn Brayt bildirib ki, bu layihə 2004-ci ildən fəaliyyət göstərir və bu günə kimi 600-dən artıq təşkilat və bank bu layihə üzrə məsləhətlər alıb.

Seminarın əsas məqsədi iştirakçılara səmərəli korporativ idarəetmənin əsas komponetləri və sığorta sektorunda qabaqcıl təcrübələrin tətbiq edilməsi barədə məlumatların təqdim edilməsi olub. Xüsusi diqqət sığorta şirkətlərində korporativ idarəetmənin tətbiqi üçün vacib olan maliyyə və qeyri-maliyyə məlumatlarının açıqlanmasına yetirilib və bu sahədə müvafiq siyasət və təcrübələrin mövcud olması barədə məlumatlar təqdim edilib.

Seminarda ölkəmizdə fəaliyyət göstərən 15 şığorta şirkətinin idarə heyətinin sədrləri, idarə heyətinin üzvləri və Hüquq, Maliyyə, Aktuari departamentlərinin rəhbərləri iştirak ediblər. Fəal iştirakçılar arasında "Atəşgah", AXA MBASK, "Beynəlxalq Sığorta Şirkəti", "Standard Insurance", "Rəvan Sığorta", "Azərbaycan Sənaye Sığorta" və digər şirkətlərin nümayəndələri olub. Seminarda şirkətlərdə daxili nəzarət, risklərin idarə edilməsi, şura komitələrinin yaradılması və digər məsələlər müzakirə edilib və bu istiqamətlərdə sığorta şirkətlərində işlərin aparılması vacibliyi qeyd olunub.

Azərbaycan Korporativ İdarəetmə Layihəsi Azərbaycanda korporativ idareətmə təcrübələrinin təkmilləşdirilməsi məqsədini daşıyır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən layihə yerli şirkət və banklara öz əməliyyat fəaliyyətlərini yaxşılaşdırmağa və investisiyaları cəlb etmək imkanlarını artırmağa kömək edir.

"Isgandarov & Partners" şirkəti mühasibat uçotu, maliyyə, biznes, idarəetmə sahələrində məsləhətlərin göstərilməsi və bu sahələrdə təlimlərin keçirilməsi xidmətlərini təklif edir.

Xəbər lenti

Xəbər lenti