...

Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnundur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 16:22 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Regionların İnkişafı və Su Təchizatı Departamentinin Mərkəzi və Qərbi Asiya ölkələri üzrə direktoru Anand Çinplunkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnundur (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Regionların İnkişafı və Su Təchizatı Departamentinin Mərkəzi və Qərbi Asiya ölkələri üzrə direktoru Anand Çinplunkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə çərşənbə günü Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya proqramlarında yaxından iştirak etməsini yüksək qiymətləndirərək "Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı" çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib.

Çinplunkar Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da iştirak etməkdə maraqlıdır.

Görüşdə "Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın icra vəziyyəti, maliyyələşmə, kadr hazırlığı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan hökumətinin iştirak payı və Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən "Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın I mərhələsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular kompleksi yaradılıb. II mərhələ çərçivəsində Ağdaş və Göyçay, eləcə də Beyləqan şəhərlərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Hər 3 şəhər üzrə elan edilmiş tenderlər aprel ayının sonuna qədər yekunlaşacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılan layihənin III mərhələsində isə Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. İlkin razılığa görə, II və III mərhələ üzrə işlərin cari ildə başlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti