...

2011-ci ildə Azərbaycanda təqribən 168 ton keyfiyyətsiz məhsul məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 14:30 (UTC +04:00)
2011-ci il ərzində Azərbaycanda aparılan monitorinqlər zamanı sağlamlığa təhlükə törədən, normalara cavab verməyən, vaxtı ötmüş məhsul satan 1994 sahibkarlıq subyekti aşkar edilib.
2011-ci ildə Azərbaycanda təqribən 168 ton keyfiyyətsiz məhsul məhv edilib

Azərbaycan, Bakı, 15 mart /Trend müxbir Ə. Həsənov/

2011-ci il ərzində Azərbaycanda aparılan monitorinqlər zamanı sağlamlığa təhlükə törədən, normalara cavab verməyən, vaxtı ötmüş məhsul satan 1994 sahibkarlıq subyekti aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Beynəlxalq İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr edilmiş "Azərbaycanın istehlak siyasəti, istehlakçı hüquqlarının lazımi şəkildə təminatı" mövzusunda keçirilən konfransda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sədri Zahid İsayev bildirib.

"Yoxlamalar nəticəsində 167,7 ton ərzaq və min tondan çox qeyri-ərzaq malları aşkar edilərək məhv edilib, sahibkarlıq subyektləri isə 1,278 milyon manat məbləğində cərimələnib. Haqsız rəqabət və ya istehlakçıların aldadılması nəticəsində 307 min manat həcmində maliyyə sanksiyaları da tətbiq edilib", - İsayev qeyd edib.

O vurğulayıb ki, ölkədə yeni qanunların qəbul edilməsi, həmçinin mövcud qanunvericiliyin zamanın tələblərinə uyğunlaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

İstehlakçıların şikayətlərinin böyük hissəsi malların mübadiləsi, habelə məhsulun keyfiyyəti ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti