...

Azərbaycan Litvanın xüsusi iqtisadi zona və sənaye şəhərciklərinin yaradılması sahəsində təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 14:56 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyəti Litvada səfərdədir.
Azərbaycan Litvanın xüsusi iqtisadi zona və sənaye şəhərciklərinin yaradılması sahəsində təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyəti Litvada səfərdədir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, martın 16-da Vilnüs şəhərində Azərbaycanın Litvadakı səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Litva-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Litva tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Tədbirdə hər iki ölkənin səfirləri çıxış edərək Azərbaycan və Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə məlumat verib, AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya mühiti, Litvanın "İnvest in Lithuania" və "Enterprise Lithuania" təşkilatları tərəfindən Litvanın biznes mühiti və ixrac imkanlarına dair təqdimatlar keçirilib.

Biznes forum Azərbaycan və Litva iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Litvaya səfər çərçivəsində AZPROMO-nun nümayəndələri bu ölkənin iqtisadiyyat nazirinin müavini Lapinskas Daumantasla görüşüb. Görüşdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Bu gün - martın 17-də isə AZPROMO-nun əməkdaşlarından və iş adamlarından ibarət nümayəndə heyəti xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Litvanın Kaunas bölgəsinə səfər edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti