...

Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 16:15 (UTC +04:00)
"Azərsu" ASC "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib.
Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq

Azərbaycan, Bakı, 1 iyun /Trend/

"Azərsu" ASC "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib.

ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

Layihəyə əsasən, Qobustan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılacaq, 4 nasos stansiyası, 3 su anbarı, xlorator qurğusu tikiləcək. Bununla paralel olaraq, yüksəksıxlıqlı polietilen borularla 59,7 kilometr uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq.

Layihə çərçivəsində yüksəksıxlıqlı polietilen borularla 59,6 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkiləcək, ümumi uzunluğu 240 metr olan mikrotunel tipli kollektor qazılacaq.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 13 iyul 2012-ci il tarixədək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

"Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti