...

Azərbaycanda şərabçılıq müəssisəsi özəlləşdirilməyə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "Cəlilabad-Şərab" ASC şərabçılıq müəssisəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Komitəsinin "Mülkiyyət" qəzetində dərc edilən məlumatda deyilir.

İddiaçılar yeni üzüm sahələrinin salınması, üzümün ilkin emalının müasir səviyyədə təşkili, əsas texnoloji sahələrin müasir avdanlıqla təchiz edilməsi, tikili və qurğuların əsaslı təmiri və bərpası, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflərlə investisiya proqramını təqdim etməlidirlər.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər investisiya təklifinin dəyərinin 5 faizi üzrə bank zəmanəti, habelə dövlət büdcəsinə 500 min manat ödənilməsi ilə bağlı təşəbbüslər təqdim etməlidirlər.

Müəssisə Cəlilabad rayonunda, Cəlilabad-Bakı şosesinin ikinci kilometrliyində yerləşir. 1981-1983-cü illərdə istismara verilən müəssisənin hazırda nizamnamə kapitalı 3,06 milyon manat təşkil edir.

Sənədlər və təkliflər 2012-ci il iyulun 2-dək qəbul edilir.

Təkliflər 4 iyul saat 15:00-dan etibarən müsabiqə komissiyası tərəfindən Dövlət Komitəsinin binasında qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti