...

Azərbaycanda külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 10:56 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin may ayında 25 cinayət işi başlanılıb.
Azərbaycanda külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir Ə.Həsənov /

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin may ayında 25 cinayət işi başlanılıb. Olardan 7-si külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış sahibkarlar barəsində açılıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 3 saylı Ərazi vergilər idarəsində qeydiyyatda olan, Qasımov Əhliman Qasım oğlunun direktoru olduğu "Elmar" və "Cəlil" məhdud məsuliyyətli cəmiyyətlər birlikdə 103 min manat, "Araz-İnşaat" MMC 364 min 238,6 manat, 3 saylı ƏVİ-də qeydiyyatda olan "Qlobal-S" MMC isə 74 min 796,8 manat məbləğində vəsaiti büdcədən yayındırdığı aşkar edilib.
"Olimp" MTK-da 231 min 578,5 manat məbləğində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, "Aznavi" MMC-də isə 118 min 979,7 manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsindən yayındırıldığı müəyyən olunub.

Bundan əlavə, "Saf Təchizatçı" MMC və "Təmir Tikinti Servis-S" MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkarlanıb.

Vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti