...

Şəkidə heyvandarlıqda damazlıq-seleksiya işlərinə həsr olunmuş seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 18:04 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Şəkidə "Heyvandarlıqda damazlıq-seleksiya işləri"nə həsr olunmuş seminar-müşavirə keçirib.
Şəkidə heyvandarlıqda damazlıq-seleksiya işlərinə həsr olunmuş seminar keçirilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Şəkidə "Heyvandarlıqda damazlıq-seleksiya işləri"nə həsr olunmuş seminar-müşavirə keçirib.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, seminarda şəhər və rayon icra hakimiyyətləri başçılarının aqrar məsələləri üzrə müavinləri, ərazi-kənd təsərrüfatı idarələrinin rəisləri, maldarlıq üzrə dövlət və özəl damazlıq təsərrüfatlarının rəhbərləri, "Aqrolizinq" ASC-nin vasitəsilə damazlıq düyə alan sahibkarlar, bələdiyyə sədrləri, orta və iri heyvandarlıq təsərrüfatlarının başçıları və fermerlər iştirak ediblər.

Kənd təsərrüfatı naziri İsmət Abasov "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq ət istehsalının kəsilmiş çəkidə 340 min tona, süd istehsalının 2,4 milyon tona çatdırılmasının qarşıda duran əsas vəzifə olduğunu nəzərə çatdıraraq, heyvandarlığın intensiv inkişaf etdirilməsi, birinci növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.

Nazir mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə son 3 ildə və bu ilin 5 ayında respublikaya 4350 baş damazlıq heyvan gətirildiyini diqqətə çatdırıb. Bildirib ki, son 5 ildə ölkə üzrə 230 738 baş heyvan süni mayalanıb və 133 706 baş bala alınıb.

Abasov respublikada maldarlıq və camışçılıq üzrə 10 dövlət və 53 özəl damazlıq təsərrüfatının fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, respublikada 750 min baş cins mal-qara var ki, bu da ümumi naxırın 28%-ni təşkil edir və bununla belə, damazlıq-seleksiya işinin əsas məqsədi heyvanlar arasında yüksək məhsul verən mal-qaranı seçib onların sayını artırmaqdır.

Seminar iştirakçıları "Şəki Aqro İndastris" MMC-nin heyvandarlıq təsərrüfatında inəklərin yemləndirilməsi, buzovların bəslənilməsi, süni mayalanmanın aparılması, süd sexində qrup halında inəklərin sağılması və pendir emalı sexinə baxış keçiriblər.

Xəbər lenti

Xəbər lenti