...

"Azərsu" və AİB arasında saziş imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 12:21 (UTC +04:00)
İyunun 6-da Naxçıvan şəhərində “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında Layihə Sazişlərinin imzalanma mərasimi keçirilmişdir.
"Azərsu" və AİB arasında saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 6-da Naxçıvan şəhərində "Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2" üzrə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında Layihə Sazişlərinin imzalanma mərasimi keçirilmişdir.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sənədləri "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalamışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində Asiya İnkişaf Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirərək layihənin I mərhələsi üzrə Naxçıvan şəhərində işlərin başa çatdığını bildirmiş, bu gün ayrılan kredit hesabına həyata keçiriləcək işlərin 2013-cü ilin sonuna qədər başa çatdırılacağını vurğulamışdır.

Talıbov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı Muxtar Respublikanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin gedişi ilə maraqlandığını və müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırmışdır.

Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə əməkdaşlığından məmnunluğunu bildirmiş, Naxçıvan, Göyçay və Ağdaş şəhərlərində layihənin icrasını yüksək qiymətləndirmiş və görülən işlərə texniki nəzarətin həyata keçirildiyini qeyd etmişdir. O. Noroyono son 10 ildə Asiya İnkişaf Bankının ən böyük krediti məhz bu gün ayırdığını xatırladaraq qeyd etmişdir ki, indiyədək su təsərrüfatı sektoruna 375 milyon ABŞ dollar kredit ayıran bank qarşıdakı illərdə əlavə 225 milyon ABŞ dolları vəsait ayırmaq niyyətindədir.

"Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2" çərçivəsində Asiya İnkişaf Bankı Azərbaycana güzəştli şərtlərlə 300 milyon ABŞ dolları məbləğində kredit ayırır. Bu vəsaitin 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq.

Layihəyə uyğun olaraq Göyçay şəhərində 55,7 kilometr uzunluğunda paylayıcı su xətti, 50,9 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3339 ünvanda birləşdirmə aparılaraq sayğaclar quraşdırılacaq. Layihə üzrə işlərin 17 aya yekunlaşdırılması planlaşdırılır. Ağdaş şəhərində hər birinin tutumu 2000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, 147 kilometr uzunluğunda su xətti çəkilərək 7626 ünvanda birləşdirmə aparılacaq. Bununla paralel olaraq 121 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək və sutkalıq gücü 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu yaradılacaq. Beyləqan şəhərində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, 80 kilometr uzunluğunda su xətti çəkilərək 3363 ünvanda birləşdirmə aparılacaq. Şəhərdə çirkab suları idarə etmək məqsədi ilə 79 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək və sutkalıq gücü 5 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək.

"Su təchizatı və kanalizasiya investisiya layihəsi" çərçivəsində Ağdaş, Göyçay, Ağcabədi, Balakən, Beyləqan və Naxçıvan şəhərlərində ümumilikdə 500 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti