...

ÜSY üçün alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqinə hazırlıq işləri aparılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 10:40 (UTC +04:00)
İyunun 6-dan etibarən müxtəlif regionlarda rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları üçün seminarların keçirilməsinə başlanılıb.
ÜSY üçün alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqinə hazırlıq işləri aparılır (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan ünvanlı dövlət sosial yardımı (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin bütün respublikada tətbiqi nəzərdə tutulur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla bağlı olaraq, iyunun 6-dan etibarən müxtəlif regionlarda rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları üçün seminarların keçirilməsinə başlanılıb.

İki gün ərzində Gəncə şəhərində, Abşeron, Masallı, Şəki və Ağcabədi rayonlarında belə seminarlar keçiriləcək. Seminarlarda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunur, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı izahatlar verilir.

Məlumat üçün bildirək ki, ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin ötən ilin avqust ayından 2 rayonda, cari ilin yanvar ayından isə daha 25 şəhər və rayonda sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin bütün respublika üzrə davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir.

Xəbər lenti

Xəbər lenti