...

Azərbaycanda ilk dəfə "Şəhər tunel və yeraltı infrastrukturlar" konqres-sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 15:20 (UTC +04:00)
Sentyabrın 10-dan 11-dək Azərbaycanda ilk dəfə "JW Marriott Absheron Baku" hotelində Beynəlxalq "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı konqres-sərgi keçiriləcək.
Azərbaycanda ilk dəfə "Şəhər tunel və yeraltı infrastrukturlar" konqres-sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Sentyabrın 10-dan 11-dək Azərbaycanda ilk dəfə "JW Marriott Absheron Baku" hotelində Beynəlxalq "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı konqres-sərgi keçiriləcək.

Trend-in məlumatına görə, tədbir 2011-ci ildən Ümumdünya Tunel Assosiasiyasının üzvü və regionda bu istiqamətin yeganə təmsilçisi olan Azərbaycan Tunelçilər Birliyinin təşəbbüsü ilə təşkil olunur.

Konqresin aktuallığını şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyacla əlaqələndirmək olar. Yeraltı məkandan (yeraltı avtomobil yolları, avtomobillər üçün dayanacaqlar, tunellər, metro, mağazalar və s.) rasional istifadə layihəçilər, memarlar, inşaatçılar, qazmaçılar, həmçinin şəhər icra hakimiyyəti, kommunal xidmətlər və bir sıra digər istiqamətlərin nümayəndələrində ciddi maraq doğurur. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir.

Yeraltı kommunikasiyalar sənayesinin inkişaf etdirilməsi üçün əlavə investisiyalar tələb olunur. Gələcəkdə yeraltı infrastrukturun mənimsənilməsi və inkişafı dünyanın bütün meqapolislərinin infrastruktur baxımından inkişafının ən əsas istiqamətlərindən biri olacağını vəd edir. Bu isə o deməkdir ki, xarici investorların cəlb edilməsi üçün tutarlı və perspektivli bir əsas mövcuddur. Bir sıra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeraltı məkandan səmərəli istifadə kimi çox mühüm məsələ aktuallığını qoruyur.

İqtisadiyyatın inkişafı və həyat səviyyəsinin artırılması ilə əlaqədar, şəxsi və ictimai nəqliyyata olan ehtiyaclar da artır. Bu isə öz növbəsində tunellərin genişləndirilməsinin zəruriliyinə səbəb olur. Dünyanın aparıcı şirkətlərinə yeraltı tikinti ilə bağlı təcrübələrini, texnologiyalarını və digər resursları, habelə innovasiyalı həll variantlarını rəhbər və digər yüksəkvəzifəli nümayəndələr səviyyəsində təqdim etməyə unikal imkan yaradan Beynəlxalq "Şəhər tunel və yeraltı infrastrukturlar" konqres-sərgisinin keçirilməsi qərarı da məhz bununla əlaqədardır.

Mayın 20-dən 23-dək Taylandın paytaxtı Banqkok şəhərində Ümumdünya Tunel Konqresində ("World Tunnel Congress-2012") və "ITA-AITES" Beynəlxalq Assosiasiyasının Baş Assambleyasının 38-ci sessiyasında Bakı konqresinin təqdimat mərasimi keçirilib. Azərbaycan Tunelçilər Birliyinin beynəlxalq əlaqələr üzrə koordinatoru Kəmalə Muradova sözügedən konqresdə məruzə ilə çıxış edərək, Bakıda "Şəhər tunel və yeraltı infrastrukturlar" konqresinə bu sahədə fəaliyyət göstərən mütəxəssisləri və şirkət nümayəndələrini dəvət edib.

Ümumdünya Tunelçilər Təşkilatının prezidenti Mo Li Azərbaycanın regionda iqtisadi baxımdan artan rolunu və paytaxtda həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini qeyd edərək, tunellər üzrə konqresin Bakıda keçirilməsi ideyasını dəstəkləyib. Li, həmçinin Azərbaycan Tunelçilər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, 38-ci beynəlxalq tunellər konqresinin nümayəndələrini Bakı konqresində iştirak etməyə çağırıb.

Sevindirici haldır ki, Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər.

Konqresdə ən son tədqiqatlar və ən yeni yaradıcı ideyalarla üst-üstə düşən mövzular müzakirə olunacaq (tunellərin çəkilməsi, ekoloji təhlükəsizlik; yeraltı texnologiyalarla bağlı layihələr sahəsində planlaşdırma, tədqiqatlar, ixtiralar; daşlı və yumşaq torpağın emalı texnologiyaları sahəsində ixtiralar; maliyyə risklərinin analizi; yeraltı tikililərin istismara verilməsi, cari təmiri, bərpası, yenidən qurulması və təmiri; seysmik cəhətdən davamlı tikililər; geoloji və geotexniki tədqiqatlar; yer qazıma texnikası; mikrotunellər və tranşeyasız texnologiyalar; torpağın korreksiyası).

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən tədbirə birbaşa dəstək verilir. Tədbirin təşkilati tərəfdaşı "Iteca Caspian LLC" şirkətidir.

Həmçinin, tədbirin sponsorları siyahısına "AzərTunelMetroTikinti" ASC, "Herrenknecht", "Vinci Construction", "Bouygues TP", "KörpüBinaTikinti" və "AzərKörpü" şirkətləri daxildir.

Xəbər lenti

Xəbər lenti