...

Bakı-Zabrat yolunun əsaslı təmiri gələn ay başa çatacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 20:11 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC şəhər şosesi boyu, Zabrat-Sabunçu-Bakı istiqaməti istisna olmaqla, yolun Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsinədək asfalt-beton yol örtüyünün təmirinə başlayıb.
Bakı-Zabrat yolunun əsaslı təmiri gələn ay başa çatacaq (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Axundov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC şəhər şosesi boyu, Zabrat-Sabunçu-Bakı istiqaməti istisna olmaqla, yolun Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsinədək asfalt-beton yol örtüyünün təmirinə başlayıb. Bununla əlaqədar iyunun 5-dən etibarən bu sahədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə Trend-ə cümə günü ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Yolun bir kilometr məsafəsində köhnə asfalt örtüyü çıxarılıb, bordürlər dəyişdirilib, kommunal xətlərin dəyişdirilməsindən sonra əmələ gələn çalalar doldurulub və ərazi yeni asfaltın örtülməsi üçün hazırdır", - Mürsəliyev qeyd edib.

Onun sözlərinə görə, 600 metr məsafədə ikiqat asfalt, 400 metr məsafədə birqat asfalt örtüyü çəkilib, ikinci qatın örtülməsinə hazırlıq gedir.

"Yolun əsaslı təmiri ilə bağlı işlər iyun və iyulda davam etdiriləcək. Təmir başa çatdıqdan sonra üçqat asfalt örtüklü yol altızolaqlı olacaq ki, onun da eni 22 metr, uzunluğu 6 kilometr təşkil edəcək", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, yolun bağlı olmasına baxmayaraq, bir sıra sürücülər hərəkətin əks tərəfinə keçməyə cəhd göstərir ki, bu da avtomobillərin hərəkətinin çətinləşməsinə və tıxac yaranmasına səbəb olur.

"Azəryolservis" sürücüləri alternativ yollardan və marşrutlardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti