...

SWIFT Milli İstifadəçilər Qrupunun iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 13:23 (UTC +04:00)
Azərbaycanın SWIFT İstifadəçilər Qrupunun iclası keçirilib.
SWIFT Milli İstifadəçilər Qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın SWIFT İstifadəçilər Qrupunun iclası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan üzrə SWIFT İstifadəçilər Qrupunun rəhbəri Emil Hacıyev, SWIFT cəmiyyətinin MDB, Rusiya və Monqolustan üzrə regional direktoru Stiven Palstermans, inkişaf üzrə direktoru və standartlar üzrə eksperti Matvey Herinq, "Alliance Factors" şirkətinin konsaltinq və xidmətlər üzrə direktoru Vyaçeslav Şişkin və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların SWIFT İstifadəçilər Qrupu üzrə nümayəndələri iştirak ediblər.

Tədbiri Azərbaycan üzrə SWIFT İstifadəçilər Qrupunun rəhbəri Hacıyev giriş nitqi ilə açaraq iştirakçıları iclasın proqramı və müzakirə olunacaq məsələlərlə tanış edib.

Sonra Stiven Palstermans və Matvey Herinq SWIFT cəmiyyətinin təşkilati strukturu və iş prinsipləri haqqında geniş təqdimatlar keçirib və SWIFT Milli İstifadəçilər Qrupunun fəaliyyətinə və təşkilati məsələlərinə dair tövsiyələr veriblər.

Tədbirdə qeyd olunub ki, çirkli pulların yuylması, maliyyə cinayətləri bütün dünyanın olduğu kimi SWIFT cəmiyyətinin də diqqət mərkəzində olan məsələlərdəndir və təşkilat bu sahədə səylərini əsirgəmir.

İclasda son bir ildə Azərbaycanda SWIFT vasitəsilə aparılan əməliyyatların trafik göstəriciləri də müzakirə edilərək, qeyd olunub ki, Azərbaycanda trafikin inkişaf göstəricisi dünyadakı orta inkişaf göstəricisindən yüksəkdir. Daha sonra Azərbaycanın cari göstəriciləri MDB ölkələri ilə müqayisə edilib.

İclasda, həmçinin SWIFT-in idarə edilməsi, SWIFT istifadəçiləri, portfel xidmətləri, ISO 20022 standartı və təşkilatın yeni təsis etdiyi sertifikatlaşdırma sistemi barədə məlumat verilərək, bildirilib ki, artıq 100-dən çox ekspert yeni sertifikata yiyələnib.

Sonda Azərbaycan üzrə SWIFT İstifadəçilər Qrupunun üzvləri yaxın bir ay ərzində yaranmış sualları qrup daxilində müzakirə etmək üçün növbəti iclasın keçirilməsi qərarına gəliblər.

Qeyd edək ki, hazırda 209 ölkə və 10000-dən çox qurum SWIFT istifadəçisidir.

Xəbər lenti

Xəbər lenti