...

DəmirBank-ın Yasamal filialı yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 14:17 (UTC +04:00)
DəmirBank-ın xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Yasamal filialı yeni ünvana köçüb.
DəmirBank-ın Yasamal filialı yeni ünvana köçüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

DəmirBank-ın xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Yasamal filialı yeni ünvana köçüb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Bəsti Bağırova küç., 607-609-cu məhəllə ünvanında (Pediatriya İnstitutu (OMD) və Dövlət Statistika Komitəsinin yaxınlığında) yerləşən Yasamal filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir.

"DəmirBank filial şəbəkəsinin inkişafı üçün bir çox davamlı işlər həyata keçirir. Son 2 ilə yaxın müddətdə DəmirBank 9 filialını yeni ofislərə köçürüb və daha 2 filialın köçürülməsi nəzərdə tutulur. Bankın bir sıra filiallarında yeni interyer tərtibat standartları tətbiq edilib və bu proses hazırda davam edir", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti