...

Azərbaycan və İordaniya arasında avtomobil nəqliyyatı sahəsində protokol imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 13:27 (UTC +04:00)
İyunun 18-19-da İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində nəqliyyat sahəsində Azərbaycan-İordaniya birgə komissiyasının 1-ci iclası keçirilib.
Azərbaycan və İordaniya arasında avtomobil nəqliyyatı sahəsində protokol imzalanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İyunun 18-19-da İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində nəqliyyat sahəsində Azərbaycan-İordaniya birgə komissiyasının 1-ci iclası keçirilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iclas 29 iyul 2007-ci il tarixində imzalanmış Azərbaycan və İordaniya hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin müddəalarına əsasən baş tutub.

İclasa İordaniya tərəfindən Yerüstü Nəqliyyat Tənzimləyici Komissiyasının baş direktoru Cəmil Mücahid, Azərbaycan tərəfindən isə Nəqliyyat Nazirliyi Dövlət Yol Nəqliyyat Xidmətinin rəis müavini Yaqub Novruzəliyev sədrlik edib. Tədbiri giriş sözü ilə açan Mücahid tərəflər arasında nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu və birgə komissiyanın iclasının bu sahədə inkişafa təkan verəcəyini qeyd edib. Sonra söz alan Novruzəliyev nəqliyyat sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri sadalayıb və indiki mərhələdə ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən layihələr haqqında qarşı tərəfi məlumatlandırıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib və Azərbaycan və İordaniyanın Nəqliyyat nazirlikləri arasında avtomobil nəqliyyatı sahəsində birgə komissiyanın protokolu imzalanıb.

Görüşdə Azərbaycan tərəfindən həmçinin Nəqliyyat Nazirliyinin və səfirliyin əməkdaşları iştirak ediblər. Görüşdə, həmçinin komissiyanın növbəti iclasının Bakıda keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi qarşı tərəfə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti