...

Bakıda yalan reklam faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 17:14 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı sahibkarlıq subyektləri tərəfindən qeyri-dəqiq reklamın yayılması faktları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.
Bakıda yalan reklam faktları aşkar edilib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı sahibkarlıq subyektləri tərəfindən qeyri-dəqiq reklamın yayılması faktları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyənləşdirilib.

Bununla bağlı araşdırmalar davam etdirilib və "ABC-Telekom" MMC tərəfindən istehlakçıların aldadılmasına səbəb olan daha bir neçə reklam materialının yayımlandığı aşkarlanıb.

Bakı şəhərinin ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında, televiziya kanallarında və intertet portallarında "Kontakt Electronics, kredit su qiymətinə!", "Bizdə endirim var, üstəlik siz hər şeyi faizsiz, zaminsiz, arayışsız, ilkin ödənişsiz və yerində kreditə götürə bilərsiniz", "0% yerində kredit şəxsiyyət vəsiqəsi ilə", "Faizsiz kredit", "Yalnız şəxsiyyət vəsiqəsi ilə kredit" mövzulu reklamların yayımlandığı halda, mağazada malların kreditlə satışı zamanı 0% kreditin yalnız 6 ay müddətinə alınmış məişət texnikası mallarına şamil edildiyi, digər malların kreditlə satışı zamanı malların dəyərinə əlavə kredit faizlərinin hesablandığı, həmçinin bəzi malların kreditlə satışı zamanı müştərilərin şəxsiyyət vəsiqəsi ilə yanaşı əlavə ikinci şəxsin də zamin olmasının və kreditlə satılmış malın qiymətinin birinci ay üçün müəyyənləşdirilmiş məbləğinin ilkin ödəniş kimi ödənilməsinin tələb olunduğu müəyyən edilib.

Müxtəlif reklam daşıyıcılarında yayımlanan yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən "ABC-Telekom" MMC-yə göstəriş verilib, qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti