...

Azərbaycan sahibkarları 2012-ci ildə güzəştli maliyyələşdirmənin yarıdan çoxunu mənimsəyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 15:52 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə axşamı Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirib.
Azərbaycan sahibkarları 2012-ci ildə güzəştli maliyyələşdirmənin yarıdan çoxunu mənimsəyiblər

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə axşamı Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirib. Tədbirdə 100-dən çox sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Fondun vəsaitləri hesabına maliyyələşdirilmiş Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində "ATEF Şirkətlər Qrupu" MMC-nin transformator istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra öz işinə başlayan tədbirdə Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Qaraçuxur qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli toxuculuq və tikişçilik müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1221 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,6 milyon manat, o cümlədən respublikanın regionları üzrə 1119 investisiya layihəsinin maliyyələşdirilməsinə 92,5 milyon manat güzəştli kredit verilib.

2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı kənd və qəsəbələr üzrə 306 investisiya layihəsinin maliyyələşdirilməsinə 47 milyon manat güzəştli kredit verilib. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 994 min manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti