...

Gəncədə su və kanalizasiya şəbəkələrinin inşasına başlanılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 17:54 (UTC +04:00)
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüşüb.
Gəncədə su və kanalizasiya şəbəkələrinin inşasına başlanılacaq (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüşüb.

ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Hüseynov Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib və bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri xanım Ursula Hayster "Azərsu" ASC tərəfindən aparılan su təchizatı və kanalizasiya layihələrinin icrası, abonent bazasının təkmilləşdirilməsi, ön ödəmə sisteminin tərtbiqi istiqamətində görülən işləri və yeni texnologiyaların tətbiqini yüksək qiymətləndirib. Tender prosedurlarının beynəlxalq standartlara uyğun keçirildiyini deyən missiya rəhbəri tezliklə Gəncə şəhərində su və kanalizasiya şəbəkələrinin inşasına başlanılacağını bildirib.

"Layihənin digər mərhələlərinin maliyyələşdirilməsi ilə bağlı yeni kredit müqaviləsi hazırlanır və sənəd Azərbaycan hökumətinə təqdim ediləcək", - o deyib.

Qeyd edək ki, Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədilə Almaniyanın KfW Bankının nümayəndə heyəti 15-22 iyun 2012-ci il tarixlərdə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə tanış olub, Göygöl-Gəncə magistral su xəttinin inşası, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kopleksinə baxış keçirilib. Səfər çərçivəsində bankın mütəxəssisləri çirkab sutəmizləyici qurğular üzrə norma və standartlarla bağlı müzakirələrdə, eləcə də smart-kart tipli sayğaclarla bağlı təqdimatda iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti