...

Azərbaycan və Türkiyə imtiyazlı ticarət haqqında saziş imzalamağı planlaşdırır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə ölkələr arasında iqtisadi və ticari münasibətlərin inkişafı çərçivəsində imtiyazlı ticarət haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Türkiyə imtiyazlı ticarət haqqında saziş bağlamaq məqsədilə Azərbaycan tərəfinə müraciət edib və Azərbaycan təklifimizi müsbət qiymətləndirib. Bu məsələ hazırda tərəflər arasında müzakirə edilir", - Çağlayan deyib.

Onun sözlərinə görə, imtiyazlı ticarət haqqında sazişin bağlanması Azərbaycan və Türkiyənin işgüzar dairələrinin yaxınlaşmasına kömək edəcək və ticari inteqrasiyanı sürətləndirəcək.

Nazirin fikrincə, üstəlik, Türkiyənin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) üzvlüyü və Aİ ilə əməkdaşlıq prosesində əldə edilən təcrübə Azərbaycan ilə ticari münasibətlərin inkişafında vacib töhfə olacaq.

Nazir habelə qeyd edib ki, Türkiyə Azərbaycanın ÜTT-yə daxil olmasını həmişə dəstəkləyib və dəstəkləyəcək, həmçinin bu prosesdə Azərbaycana zəruri kömək göstərəcək.

"Digər tərəfdən, Aİ-də Azərbaycanın ÜTT-yə qəbul olmasından sonra növbəti addım qismində Azərbaycanla azad ticarət haqqında sazişin imzalanması müzakirə edilir. Türkiyə bu məsələdə Azərbaycana lazımi köməyi göstərəcək", - o vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan və bunun ardından ölkə ilə iqtisadi münasibətlərin inkişafı üçün baza yaradan ilk ölkədir. İmzalanan sazişlərə iqtisadi və ticari əməkdaşlıq haqqında müqavilə, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və ikiqat vergitutmadan qaçmaq haqqında saziş aiddir.

Çağlayan əlavə edib ki, Türkiyənin Azərbaycana münasibətdə siyasəti birgə inkişafdır. Bu məqsədə nail olmaq üçün Türkiyənin qarşısında iki əsas vəzifə dayanır. Birincisi, iki ölkənin iqtisadi və ticari münasibətlərində maneələrin tam aradan qaldırılmasıdır. Bu məsələdə hər iki tərəf yekdil fikrə malik olmalıdırlar. O qeyd edib ki, bu günədək tərəflər ikitərəfli görüşlərdə ölkələrin iqtisadi inkişafına mane olan məsələləri müzakirə ediblər və bu əngəllərin aradan qaldırılması üçün planlar hazırlanıb.

Nazir vurğulayıb ki, ölkə rəhbərliyinin qarşısında dayanan ikinci vəzifə problem və maneələrdən azad əsasda Azərbaycan və Türkiyə arasında yeni, uzunmüddətli ikitərəfli iqtisadi münasibətlərin qurulmasıdır.

Bu əməkdaşlığın təməlinin qoyulmasında bütün sahələrdə uzunmüddətli layihələr tələb olunacaq.

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni mərhələsinə aid olan layihəyə hazırlıq zamanı, ilk növbədə, ölkələrin qanunvericiliklərini yaxınlaşdırmaq lazımdır. Növbəti mərhələ ölkələrin beynəlxalq öhdəlikləri çərçivəsində maksimum mümkün dərəcədə tarif və qeyri-tarif əngəllərinin aradan qaldırılması olmalıdır ki, bu da Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsinin artırılması üçün təkan olacaq.

"Türkiyə Azərbaycan ilə iqtisadi əməkdaşlığın səviyyəsinin dünya ticarəti və iqtisadiyyatının dinamik inkişafına uyğun gəlməsinə çalışır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti