...

Zəfər Çağlayan: Bakı-Tbilisi-Qars Qafqaz və Mərkəzi Asiya ölkələrinin fəal inkişafı yolunda addım olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Tağıyeva/

2034-cü ilədək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində daşımaların həcmi 17 milyon ton yük və 3 milyon sərnişinə çatdırılacaq. Bu barədə çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Birinci mərhələdə, yəni dəmiryolun istismara verilməsindən başlayaraq daşımaların həcmi 6,5 milyon ton yük və 1 milyon sərnişin təşkil edəcək. Sonra layihənin daşıma gücü 17 milyon ton yük və 3 milyon sərnişinədək artrırılacaq", - o deyib.

Nazir qeyd edib ki, dəmiryolun tikintisi olduqca yüksək templə gedir. 2012-ci il ərzində bütün tikinti işlərinin tamamlanması gözlənilir.

"Dəmiryol layihəsi çərçivəsində Gürcüstan ərazisində tikinti işləri nisbətən yavaş gedir, lakin biz ümid edirik ki, 2012-ci ilin sonunadək Gürcüstan ərazisində bu sahədə işlər başa çatacaq", - Çağlayan deyib.

Onun sözlərinə görə, hazırda layihənin 60 faizini əhatə edən həcmdə tikinti işləri tamamlanıb. Layihənin ümumi dəyəri təqribən 50 milyon dollar təşkil edir.

Çağlayan vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi İpək Yolunun dirçəlməsi baxımından çox vacibdir. Bu layihə region ölkələrinin iqtisadi, mədəni və sosial inkişafına yardım edir.

"Layihənin həyata keçirilməsindən sonra Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq daşımalarda vacib rol oynayacaqlar", - o vurğulayıb.

Nazirin sözlərinə görə, bununla da Bakı-Tbilisi-Qars layihəsi vasitəsilə dəmiryolla təhlükəsiz və qənaətcil daşımalar təmin ediləcək ki, bu da Qafqaz və Mərkəzi Asiya ölkələrinin fəal inkişafında addım olacaq.

Xəbər lenti

Xəbər lenti