...

"Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 16:20 (UTC +04:00)
Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda dəyirmi masa keçirilib.
"Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Vergilər və Təhsil nazirliklərinin rəhbər vəzifəli şəxsləri, respublikada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyətinin, biznes strukturlarının, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Nazirliyin Analitik-informasiya şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan Tədris Mərkəzinin yaradılmasının 10 ilik yubileyi ərəfəsində əhəmiyyətli bir sənədin - "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının "dəyirmi masa" ətrafında müzakirəsinin aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, son on ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb, azad sahibkarlığa söykənən iqtisadi model bərqərar olub, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb.

Məmmədov bildirib ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Vergilər Nazirliyi də bu inkişafa daim öz töhfəsini verməyə çalışır. Tədris Mərkəzində həyata keçirilən tədris strategiyasının əsas məqsədi əməkdaşların peşə hazırlığı səviyyəsinin artırılması yolu ilə mövcud vergi və büdcə qanunvericiliklərinə uyğun olaraq vergilərin toplanmasının mümkün qədər yüksək səmərəliliyinə nail olmaqdır.

Sonra Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş film nümayiş etdirilib, qonaqlar bu təhsil ocağının fəaliyyətindən bəhs edən kadrlarla tanış olublar.

Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda geniş təqdimatla çıxış edib, əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yürüdülən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə "dəyirmi masa" iştirakçılarına məlumat verib. Qeyd olunub ki, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması, elektron auditin, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.

Sonra Məmmədov "Vergi sistemində insan resurslarının inkişafında təlim və tədrisin yeri" mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsi sisteminə keçid zamanı əsas vəzifələrin icrası üçün məhz insan resurslarının inkişafı önəmlidir. Bu, 2004-cü ildə Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş "İnsan resurslarının inkişafı strategiyası" konsepsiyası ilə tənzimlənir. Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli fərmanına əsasən, Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən Məmmədov vergilər sahəsində təlim və tədrisin formaları və texniki üsulları, ixtisasartırma kursları, Tədris Mərkəzinin fəaliyyətinin nəticələrindən danışıb.

Təqdimatda Vergilər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də toxunulub, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı (IOTA), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC), İrlandiyanın Vergi İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avstriyanın Vergi Akademiyası ilə Tədris Mərkəzi arasında qurulmuş ikitərəfli əlaqələrin əsas istiqamətləri "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr olub, KİV nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti