...

Azərbaycanda deflyasiya davam edir – Dövlət Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2012 13:39 (UTC +04:00)
Son dörd ayda Azərbaycanda deflyasiya müşahidə olunub.
Azərbaycanda deflyasiya davam edir – Dövlət Statistika Komitəsi

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Axundov/

Son dörd ayda Azərbaycanda deflyasiya müşahidə olunub. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"İyulda iyunla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7 faiz, o cümlədən ərzaq malları 1,4 faiz ucuzlaşıb, qeyri-ərzaq malları və xidmət tarifləri iyun göstəriciləri səviyyəsində qalıb", - məlumatda deyilir.

Eyni zamanda, yeddi ay ərzində istehlak inflyasiyası ötən ilin analoji dövrü ilə müqayisədə 2 faiz təşkil edib. Ərzaq mallarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının 1,3 faiz, xidmət tarifləri 1,6 faiz bahalaşıb.

2012-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 13,9 faiz artaraq 18,2 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisini 13,9 faiz üstələyir. Adambaşına gəlirlər 12,3 faiz artımla 1992,8 manat (ayda orta hesabla 284,7 manat) təşkil edib.

Əhali şəxsi gəlirlərinin 63,2 faizini mal və xidmətlərin əldə edilməsinə, 8,8 faizini vergilərin ödənilməsinə, sosial sığorta və icbarı üzvlük haqlarına, 26,2 faizini isə kapitalın toplanmasına ayırıb.

İlin birinci yarısında muzdlu işçilərin ortaaylıq əməkhaqqının həcmi 8,3 manat artaraq 384,5 manat olub.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye (591,6 manat səviyyəsində), tikinti (553,1 manat), nəqliyyat (483 manat), rabitə (615,8 manat) və başqa sektorlarda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti