...

Azərbaycanda iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2012 16:11 (UTC +04:00)
Müasir dövrdə iqtisadiyyatın müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, bu sahənin davamlı inkişafının təmin olunması hər bir ölkənin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial, iqtisadi və intellektual yüksəlişi təmin edən mühüm meyarlardandır.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Müasir dövrdə iqtisadiyyatın müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, bu sahənin davamlı inkişafının təmin olunması hər bir ölkənin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial, iqtisadi və intellektual yüksəlişi təmin edən mühüm meyarlardandır. Ölkəmizdə də İKT iqtisadiyyatın aparıcı sektorlarındandır və bu sahədə dinamik inkişaf təmin edilib. Hazırda Azərbaycanda İKT bütün sosial-iqtisadi sahələrə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar çərçivəsində İqtisadi İnkişaf Nazirliyində bir sıra işlər görülüb.

İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev bu barədə Trend-in suallarını cavablandırıb.

- Samir müəllim, İqtisadi İnkişaf Nazirliyində müasir texnologiyaların yaratdığı imkanlardan necə istifadə edilir?

- Ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir. Elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan yaradır.

İqtisadi İnkişaf Nazirliyi İKT-nin imkanlarından Nazirliyin fəaliyyətində geniş istifadə edir. Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı ilə müəyyən olunmuş vəzifələrin icrası, eləcə də "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Nazirlikdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Nazirliyin sənəd dövriyyəsi tamamilə elektronlaşdırılmış və Nazirlikdə korporativ elektron imza tətbiq edilmişdir. Elektron idarəetmə sisteminin tətbiqi sahəsində ən müasir tələblərə cavab verən kommunikasiya infrastrukturu yaradılmış, hər bir istifadəçiyə məxsus kompüterlərin proqram təminatı, sistem və server proqramları üçün bütün zəruri lisenziyalar alınmışdır. Elektron İdarəetmə Sisteminin (EİS) operativ və etibarlı işini, fasiləsizliyini təmin edən serverlər üçün xüsusi Data Mərkəzi yaradılmışdır. Mərkəz günün 24 saatı ərzində biometrik və avtomatlaşdırılmış mühafizənin nəzarətindədir. Nazirlikdə tətbiq edilmiş EİS özündə əsas 3 böyük bloku birləşdirir. Bunlar kargüzarlıq və onunla bağlı iş proseslərini əhatə edən Elektron Sənəd Dövriyyəsi, Kadr İdarəetmə Sistemi, Maliyyə və Mühasibatlıq Sistemidir. EİS-in tətbiqindən sonra Nazirlikdə hər hansı bir sənədi minlərlə arxiv sənədinin arasından axtarıb tapmaq və tanış olmaq qısa vaxt ərzində həyata keçirilir. EİS-in tətbiqi nəticəsində, həmçinin, Nazirlikdə kağız və digər dəftərxana ləvazimatlarına tələbat kəskin azalmış, operativlik və vaxta qənaət təmin edilmişdir.

- İqtisadi İnkişaf Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi istifadəyə verilib. Bu bölmə haqqında məlumat verməyinizi xahiş edirik.

- İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet səhifəsi - www.economy.gov.az Nazirlikdə yaradılmış müasir elektron idarəetmə sisteminin tərkib hissəsidir. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, regionların inkişafı, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, sahibkarlığın inkişaf dinamikası, beynəlxalq maliyyə institutları ilə əlaqələr və s. məlumatlar öz əksini tapmışdır. Saytda interaktiv pəncərələrdən və videomateriallardan geniş istifadə edilir. İnternet səhifəsi zəngin fotoarxiv və effektiv axtarış sisteminə malikdir. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələri də mütəmadi olaraq yenilənir.

Dövlət başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, Nazirliyin internet saytında yeni bir bölmə - Elektron Xidmətlər Bölməsi istifadəyə verildi. Bu bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Ümumilikdə, Nazirlik tərəfindən elektron xidmətlər bölməsində müxtəlif interaktiv və informativ elektron xidmətlər göstərilir. Sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini də onlayn rejimdə həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada göndərərək, Nazirlik tərəfindən verilən lisenziyaları, mənşə və keyfiyyət sertikatlarını ala bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı da onlayn rejimdə həyata keçirilir.

Bundan başqa, sahibkarlar Nazirliyin internet səhifəsində yaradılmış xüsusi bölməyə daxil olmaqla, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarını onlayn rejimdə ödəyə bilərlər.

Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların onlayn rejimdə qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla onlayn rejimdə sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün onlayn rejimdə videotəlim sistemi, sahibkarlıq subyektləri və vətəndaşlar üçün Nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ xarakterli elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.

- İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra saytlar - "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı yaradılmışdır. Vətəndaşlar, xüsusilə də sahibkarlar bu saytlara maraq göstərirlərmi?

- Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq yaradılmış www.b2b.az elektron ticarət portalı Azərbaycanda ilk elektron ticarət portalıdır. Sahibkarlar bu saytda pulsuz qeydiyyatdan keçməklə, internet səhifəsində müxtəlif alqı-satqı təkliflərini yerləşdirə bilərlər. Portal sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır.

Azərbaycan Prezidentinin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı - www.icazeler.gov.az yaradılmışdır. Sayt informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə və bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara həmin fəaliyyətin növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, tələb olunan sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır. Portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" xidmət bölməsi yaradılmışdır. Bu bölmədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq sahəsinə aid hazırladığı qanunvericilik aktlarının layihələri yerləşdirilir və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin edilir. Bu bölmə sahibkarlara onların məlumatlılıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edir, həmçinin sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha şəffaf aparılmasına imkan yaradır. Təkcə bu ilin iyul ayında mərkəzi icra hakimiyyəti orqanlarının 26 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Portal internet istifadəçiləri tərəfindən maraqla izlənilir. Bir faktı qeyd edim ki, iyul ayı ərzində 280-ə yaxını ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Rusiya, Koreya, Türkiyə və Gürcüstandan olmaqla 6 minə yaxın internet istifadəçisi portalın xidmətlərindən istifadə etmişdir. Ümumilikdə isə, istifadəyə verildiyi tarixdən indiyə qədər saytı 24 mindən çox istifadəçi ziyarət etmişdir.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, sahibkarların məlumatlandırılması, onlara potensial tərəfdaşların tapılmasında və fəaliyyətlərini genişləndirməkdə köməklik göstərilməsi məqsədilə www.biznesinfo.az internet portalı yaradılmışdır. Saytın işinin əlaqələndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər təşkilatların nümayəndələrindən ibarət Himayəçilər Şurası fəaliyyət göstərir. Portalda Azərbaycanın biznes və investisiya mühitinə dair məlumatlar, biznes xəbərləri, sahibkarların məlumatlandırılması üçün müxtəlif alətlər, yüklənə bilən formalar, biznes terminləri lüğəti və s. yerləşdirilmişdir. Saytda qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə dair məsləhətlər də verilir.

Nazirlikdə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Bütün bunlar isə sahibkarlığın inkişafına, işgüzar mühitin daha da yaxşılaşmasına xidmət edən dövlət dəstəyi tədbirləridir.

Xəbər lenti

Xəbər lenti