...

“Atəşgah” Sığorta Qrupunun rəhbərliyində kadr dəyişikliyi baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 10:56 (UTC +04:00)
“Atəşgah” Sığorta Qrupu rəhbərliyinin tərkibində kadr dəyişikliyi baş verib.
“Atəşgah” Sığorta Qrupunun rəhbərliyində kadr dəyişikliyi baş verib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Atəşgah" Sığorta Qrupu rəhbərliyinin tərkibində kadr dəyişikliyi baş verib. Sığorta Qrupundan Trend-ə verilən məlumata görə, "Atəşgah Həyat" Sığorta Şirkəti İdarə Heyətinin sədr müavini Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib. Bu səbəbdən də o, "Atəşgah Həyat" SŞ-də tutduğu vəzifəsini tərk edib.

Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 30 iyun 2012-ci il tarixində Şuranın üzvləri, dövlət və ictimai sektor nümayəndələrinin iştirakı ilə baş tutan növbəti qurultayı zamanı yeni sədr seçilib.

"Biz ona "Atəşgah" SQ-da çalışdığı illərə görə minnətdarıq. Biz onun töhfəsini yüksək qiymətləndiririk. Seyidzadə öz ətrafında onun tərəfindən başlanılan işi uğurla davam etdirə biləcək həqiqi peşəkarlar komandasını toplaya bilib. Ona uğurlar və daha böyük nailiyyətlər arzu edirik", - "Atəşgah" SQ-nin prezidenti Ruslan Əliyev qeyd edib.

Şahin Seyidzadə 1978-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini H. Mahmudbəyov adına Texniki-humanitar elmlər liseyində alıb. İlk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində, RF Kənd təsərüffatı Akademiyası nəzdində Sosial və İqtisadiyyat elmləri Moskva məktəbində, Mançester Universitetinin "Təhsil sistemlərinin idarəedilməsi" üzrə magistr dərəcəsinə yiyələnmişdir.

2008-ci ilin mart -avqustunda "Atəşgah" SŞ İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ilin sentyabrından isə "Atəşgah Həyat" SŞ İdarə Heyətinin sədr müavini vəzifəsini tuturdu.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN təşkil edir.
"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti