...

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 64 faizi sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 22:52 (UTC +04:00)
2012-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycanda fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manat) qorunan əmanətlər, 36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.
Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 64 faizi sığortalanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

2012-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycanda fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manat) qorunan əmanətlər, 36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, 2012-ci il oktyabrın 1-nə mövcud 43 bankdan 42-si Fondun üzvüdür. Üçüncü rübdə üzv bankların əmanətlər və depozitlər üzrə öhdəliyi cəmi 7,3 mlrd. manat (maliyyə sektorunun əmanətləri istisna olmaqla) olub ki, bunun da 4,4 mlrd. manatı fiziki şəxslərin əmanətləridir.

Üzv banklarda 2012-ci ilin III rübündə fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln.manat (6,2%) artdığı halda, qorunmayan əmanətlər 45 mln. manat (2,7%) azalıb. Nəticədə qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olub. Üçüncü rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirilməsi ilə yanaşı, banklarda mövcud olan qorunmayan əmanətlərin də bir qisminin tədricən qorunan əmanətlərə keçirilməsi müşahidə edilib.

Üzv banklar tərəfindən 6 362 090 əmanətçiyə xidmət göstərilir ki, onlardan da 6 006 273 nəfəri (94 faizi) qorunan əmanətçidir.

Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 61,3 mln.manat (4,6%) artaraq 1 404 mln. manat olub.

Qorunan əmanətlərin 56%-i manatda, 39%-i ABŞ dollarında və 5%-i isə avroda yerləşdirilib.

Fondun üzvü olan "Royal Bank"ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş verib. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən, 7 063 qorunan əmanətçinin 26,5 mln. manat qorunan əmanətinə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. Hesabat tarixinə 12,3 mln. manat və yaxud 83,7 faizi kompensasiya ödənilib. Onlardan 4 033 nəfərinin əmanəti 100 manatdan az, 186 əmanətçinin isə qorunan əmanəti 30 min manatdan çoxdur.

2012-ci il avqustun 1-dən etibarən 3 agent bank vasitəsilə ("Muğanbank" ASC, "Bank Respublika" ASC, "Azəriqazbank" ASC) kompensasiyaların ödənilməsi prosesi aparılır.

Hazırda Fondun sığorta ehtiyatları 51,9 mln. manat təşkil edir.

Vəsaitlərin idarə edilməsi Fondun investisiya siyasətinə əsaslanaraq həyata keçirilir. Fondun vəsaitlərinin 23,9 mln. manat məbləğində olan hissəsi dövlət qiymətli kağızlarında yerləşdirilib və illik gəlirlilik orta hesabla 4% təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti "Deutsche Asset Management International" şirkətinin idərəetməsinə verilib.

Xatırlatdaq ki, 2010-cu il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxstanda 34 min ABŞ dolları, Rusiyada 22 min ABŞ dollarıdır).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti