...

Altı il ərzində Azərbaycanda sosial müdafiə xərcləri üç dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 19:26 (UTC +04:00)
Azərbaycanda sosial müdafiə sahəsində islahatların aparılması və lazımi istiqamətdə sosial siyasətin formalaşdırılması üçün yaxşı iqtisadi baza var.
Altı il ərzində Azərbaycanda sosial müdafiə xərcləri üç dəfə artıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sosial müdafiə sahəsində islahatların aparılması və lazımi istiqamətdə sosial siyasətin formalaşdırılması üçün yaxşı iqtisadi baza var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov "Nəzəriyyə və reallıqlar: dünya təcrübəsi və perspektivlər" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Müzakirələrdə DSMF, ölkə parlamenti və elmi dairələrin nümayəndələri iştirak ediblər.

Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Vahid Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda sosial müdafiə və pensiya təminatı sahəsində ciddi islahatlar keçirilib. Bu islahatlar müvafiq maliyyə bazası olmadan mümkün deyildi.

"Son 6 ildə sosial müdafiəyə dövlət büdcəsi xərclərinin 30-35 faizi ayrılıb, halbuki əvvəllər cəmi 8-12 faiz ayrılırdı", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, ölkədə sığortanın zəif inkişafına baxmayaraq, Azərbaycanda pensiyanın sığorta hissəsinin artırılmasına yönəlmiş islahatlar aparılır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin fikrincə, bu sahədə aparılan islahatlar zamanı yaranan digər çətinlik bu islahatların əhatə etdiyi əhali qruplarının sosial müdafiəyə daha çox ehtiyacı olmasıdır.

"Əgər 2008-ci ildə DSMF-nin büdcəsi 1,26 milyard manat idisə, 2013-cü ildə onun gəlirləri 2,63 milyard manat səviyyəsində proqnozlaşdırılır. Belə artım sosial sığorta üzrə mükafatların yığımı zamanı əldə edilən uğurlarla əlaqədardır", - Rəcəbli vurğulayıb.

Tədbir zamanı, həmçinin Hadı Rəcəblinin "Azərbaycan Respublikasının sosial müdafiə sistemi" kitabının təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti