...

Mərkəzi Bank il ərzində 1 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Manatın məzənnəsinin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 9 ay ərzində 978 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə AMB-nin 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

"Cari ildə də Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib. Ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib", - icmalda qeyd olunur.

2012-ci ilin yanvar-sentyabr aylarında manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, cəmi 0.17% möhkəmlənib. Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib.

Yanvar-sentyabr aylarında manat heç bir milli vayutaya nəzərən real olaraq möhkəmlənməyib. Böyük Britaniya, Türkiyə, Gürcüstan, Çin, Belarus və C.Koreya valyutalarına nəzərən həm real, həm də nominal ucuzlaşma baş verib. ABŞ, Avrozona, Rusiya, Ukrayna, İran, Qazaxıstan, Yaponiya və İsrail valyutalarına nəzərən isə manat nominal olaraq bahalaşsa da, real olaraq ucuzlaşıb.

Cari ilin 9 ayında qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 0.7% bahalaşıb. Partnyor ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə 5.9 faiz bəndi azaldıcı təsir göstərib. Nəticədə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 9 ay ərzində 5.2% ucuzlaşıb.

"Beləliklə, hesabat dövründə Mərkəzi Bank manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin edib. Manatın real çoxtərəfli məzənnəsi isə ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yaxşılaşması baxımından müsbət haldır", - icmalda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti