...

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 18:22 (UTC +04:00)
Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, şəhərə içməli su Mingəçevir su anbarından veriləcək. İstehlakçıların dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaq. Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 20 min kubmetr olan 2 ədəd su anbarı inşa ediləcək.

Layihəyə əsasən, şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 250 km layihələndirilən şəhərdaxili paylayıcı su şəbəkəsinin 75 km-lik hissəsi inşa edilib. Bununla paralel olaraq, ümumi uzunluğu 223 km kanalizasiya şəbəkəsinin 46 km-lik hissəsində işlər yekunlaşıb. Çirkab suların təmizlənməsi məqsədilə Mingəçevir şəhəri yaxınlığında sutkalıq məhsuldarlığı 25 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.

Layihə üzrə işlərin 2013-cü ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bununla da Mingəçevir şəhərində 100 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti