...

Şahin Mustafayev: 2009-cu ildən ötən müddətdə ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlayıb, 360 minə yaxın yeni iş yeri yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 23:18 (UTC +04:00)
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür".
Şahin Mustafayev: 2009-cu ildən ötən müddətdə ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlayıb, 360 minə yaxın yeni iş yeri yaradılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür". Trend-in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.

Nazirin sözlərinə görə, bu uğurların əldə olunmasında digər dövlət proqramları kimi, "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" müstəsna rol oynayır:

"Dövlətimizin başçısı Proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi, ötən ildə də diqqət mərkəzində saxlamış, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olmuş, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir".

Şahin Mustafayev bildirib ki, əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradıb, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 "faiz bəndi" üstələyib. İl ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılıb:

"Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enmişdir".

Nazir vurğulayıb ki, proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən Dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilib ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir: "2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilmişdir. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılmışdır.

Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilmiş, 935 transformator və 29 yarımstansiya tikilmiş və ya əsaslı təmir olunmuşdur".

Şahin Mustafayev deyib ki, regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilmiş və ya əsaslı təmir olunub.

"Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub", - deyən nazir əlavə edib ki, əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib: "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur. Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcəkdir.

Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır".

Şahin Mustafayev söyləyib ki, ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir: "Bundan əlavə, tapşırığınıza əsasən cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilmiş, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır və hazırda əhalinin 70 faizi internet istifadəçisidir".

Nazirin sözlərinə görə, Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətin məntiqi nəticəsidir ki, bir neçə gün öncə ölkəmizin ilk peyki orbitə çıxarıldı:

"Sizin qeyd etdiyiniz kimi, bu tarixi nailiyyət, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Tərəfinizdən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verəcəkdir.

Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.

Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilmişdir".

Nazir bildirib ki, ASAN xidmətin fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artıracaq və əhalinin gündəlik həyatını rahatlaşdıracaqdır:

"Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu olmuşdur. Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir.

Möhtərəm cənab Prezident! Müəyyən etdiyiniz sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilmiş, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir.

Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.

Cənab Prezident! İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olmuşdur".

Şahin Mustafayev deyib ki, ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmış, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır:

"Göstərişinizə əsasən hesabat dövründə yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Cənab Prezident, ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyiniz vəzifənin icrası istiqamətində işlər davam etdirilmişdir. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilmişdir.

Cənab Prezident! Sizin "Ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır" müdrik sözləriniz sahibkarlığın inkişafına verdiyiniz önəmin və ölkədə, o cümlədən regionlarda bu sahədə həyata keçirdiyiniz uzaqgörən siyasətin mahiyyətini çox dəqiq ifadə edir.

Sizin bölgələrə səfərləriniz çərçivəsində 250-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmanız bu sahəyə göstərdiyiniz diqqətin bariz nümunəsidir".

Nazir hesabatında bildirib ki, ötən ildə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir:

"Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.

Ötən ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.

Ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir.

Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, "Ağstafa Aqroservis" müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır.

"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir. Cənab Prezident, dünən imzaladığınız sərəncamla damazlıq heyvanların alınmasına 10 milyon manatın ayrılması bu sahənin inkişafına əlavə təkan verəcəkdir".

Nazir deyib ki, dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır.

"Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Qusarda Şahdağ turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanmış, bir sıra rayonlarda yeni otellər və istirahət kompleksləri istifadəyə verilmişdir. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır.

Möhtərəm cənab Prezident! Sizin, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasətiniz və rəhbərliyiniz hələ uzun illər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir".

Xəbər lenti

Xəbər lenti