...

DSMF yanvar ayının statistikasını açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 11:53 (UTC +04:00)
2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 212 mln. manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,4 mln. manat və ya 5,7 faiz çoxdur. Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.
DSMF yanvar ayının statistikasını açıqladı

Azərbaycan, Bakı, 22 fevral /Trend/

2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 212 mln. manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,4 mln. manat və ya 5,7 faiz çoxdur. Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.

İlkin məlumatlara əsasən, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,2 faiz və ya 6,9 mln. manat artaraq 74,6 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 75,9 faizi və ya 56,6 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 7,2 mln. manat artmış, proqnoz isə 115,3 faiz icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 67,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə demək olar ki, 2 dəfə artıb.

2013-cü ilin yanvar ayında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18,0 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 197,2 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 195,2 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,3 mln. manat və ya 17 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,2 faiz və ya 28,2 mln. manat artaraq 192,4 mln. manat təşkil edib.

İlkin məlumatlara görə, 2013-cü ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.

2013-cü ilin yanvar ayında əhaliyə 2,8 mln. manat məbləğində müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 2,0 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Aparatının və yerli orqanlarının saxlanılmasına 0,21 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 0,73 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 1,1 mln. manat) təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti