...

Azərbaycanda əmək miqrantları üzərində nəzarət gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 17:46 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Miqrasiya Xidməti (DMX) yaxın vaxtlarda elektron məlumat bazasının birləşdirilməsinə dair müvafiq müqavilə imzalayacaqlar.
Azərbaycanda əmək miqrantları üzərində nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Bədəlova/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Miqrasiya Xidməti (DMX) yaxın vaxtlarda elektron məlumat bazasının birləşdirilməsinə dair müvafiq müqavilə imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə DSMF sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündən əvvəl deyib.

"Problem ondan ibarətdir ki, hazırda ödəyicilərin icbari sosial sığorta ödənişləri barədə ümumi vahid bazanı idarə edirik, burada, həmçinin xarici ölkələrin vətəndaşları - Azərbaycanın əmək bazarında işləyən əmək miqrantları barədə məlumat yerləşir. Lakin biz DMX-yə bütün bazanı təqdim edə bilmərik, çünki orada müəyyən məlumat məxfi xarakter daşıyır", - Müslümov bildirib.

Onun sözlərinə görə, müvafiq olaraq, ilk növbədə DSMF-də uçotda dayanmış xarici vətəndaşlar üzrə bazanı ayırmaq lazımdır, həmin bazaya məlumatın yalnız bir hissəsi - ad, soyad, atasının adı, sığortaçının şəxsiyyətini təsdiq edən sənəddən məlumatlar və bu vətəndaşların işlədiyi müəssisələrin adları daxildir.

"Əməkhaqqı və sosial sığortanın fərdi hesabına daxilolmalar haqqında məlumat məxfidir. Hazırda bazanın bu şəkildə formalaşdırılmasını başa çatdırırıq, bununla əlaqədar DMX rəhbərliyi ilə razılıq var", - Müslümov deyib.

DMX, öz növbəsində, işəgötürənlər və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ölkədə əmək fəaliyyətinə icazə verilən fiziki şəxslər haqqında məlumatın əks olunduğu bütün məlumat bazasını DSMF-yə təqdim edəcək.

"Nəticədə iki qurum mütəmadi əsasda məlumat bazasına nəzarət edə biləcək", - Fond sədri qeyd edib.

Müslümov, həmçinin Azərbaycanda xarici idmançıların qeydiyyatı ilə bağlı vəziyyəti şərh edib.

"DSMF-də xarici idmançıların təqribən 90 faizi qeydiyyata alınıb. Bütün xarici idmançıların uçotu üçün Fond tərəfindən bütün idman federasiyalarına məktub göndərilib ki, nəticədə DSMF-də xarici idmançıların 90 faizinin qeydiyyatdan keçdiyi təsdiq olunub", - Müslümov bildirib.

O, xarici idmançıların əməkhaqlarının həcminin DSMF-yə təqdim edilən hesabatlarda göstəilən məlumatlara nə qədər uyğun gəlib-gəlmədiyini bildirməkdə çətinlik çəkib. "Lakin icbari sosial sığorta üzə ödənişlər Fonda normal həcmdə daxil olur", - DSMF sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti