...

Azərbaycan kənd təsərrüfatının yeni inkişaf konsepsiyasını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 13:53 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf konsepsiyası hazırlanacaq.
Azərbaycan kənd təsərrüfatının yeni inkişaf konsepsiyasını hazırlayır

Azərbaycan, Bakı, 6 mart/Trend, müxbir A. Axundov/

Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf konsepsiyası hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının IV ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir sıra, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi zamanı çatışmazlıqları qeyd etdi. Nazirlik kollegiya iclası keçirdi, işçi qrpu yaradıldı. Hazırda işçi qrupu ölkədə kənd təsərrüfatının yeni inkişaf konsepsiyasını hazırlamaq üçün rayon İcra hakimiyyətlərinin fikir və təkliflərini öyrənir. Bəzi məlumatlar artıq daxil olur, məlumatlar toplandıqdan sonra onları müzakirə edəcəyik və ardından kollegiya iclasına çıxaracağıq. Müvafiq strukturlar ilə konsepsiya layihəsini razılaşdırdıqdan sonra onu dövlət başçısına təqdim edəcəyik", - Abasov bildirib.

Konsepsiyada, həmçinin iqlim və təbii şəraitindən,kənd təsərrüfatının inkişafı üçün imkanlardan asılı olaraq rayonların ixtisaslaşması öz əksini tapacaq.

Onun sözlərinə görə, bundan əlavə, işçi qrup subsidiyaların verilməsi üçün dövlət komissiyasına təqdim edilən sənədlərin şəffaflığını təmin etmək üzərində nəzarəti gücləndirmək tapşırığı ilə rayon İcra hakimiyyətlərinə müraciət edib.

"Nazirlər Kabinetinin qaydalarına müvafiq olaraq, yerli komissiyalar əkin sahələri haqqında məlumat toplayır, onları rayon İcra hakimiyyələrinə təqdim edir, İcra hakimiyyətləri isə bu məlumatları təsdiq edərək dövlət komissiyasına göndərir. Dövlət komissiyası 10 gün ərzində bu sənədləri yoxlayır, sonra Maliyyə Nazirliyinə göndərir, oradan müvəkkil bank ("KapitalBank") vasitəsilə subsidiyaların maliyyələşdirilməsi təmin edilir. Bu prosesdə bəzi çatışmazlıqlar var, subsidiyaların qeyri-məqsədyönlü istifadə edilməsi faktları təsbit edilir. Lakin hazırda bu məsələ ciddi nəzarət altındadır",- Abasov qeyd edib.

Nazirin sözlərinə görə, bununla yanaşı, hökumət subsidiyaların verilmə mexanizminin sadələşdirilməsinin müxtəlif variantlarını nəzərdən keçirir. Bununla belə, əsas məqsəd verilən vəsaitlərin səmərəli istifadə edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti