...

Mingəçevirdə yeni sənaye sahələri yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 17:43 (UTC +04:00)
Aprelin 5-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib.
Mingəçevirdə yeni sənaye sahələri yaradılacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Aprelin 5-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib. Tədbirdə Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Mingəçevirdə Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Mingəçevir İzolit" ASC-nin polietilen boru istehsalı müəssisəsinin fəaliyyətinə və müasir çörək zavodunun tikinti işlərinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir iplik və parça istehsalı fabrikinin, kiçik həcmli tikinti materialları istehsalı sahəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, regionlarda aqrar sahə ilə yanaşı, sənayenin inkişafı, bu sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabətqabiliyyətli və ixracyönümlü layihələrin maliyyələşdirilməsi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir. Qeyd edilib ki, 2013-cü ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 669 investisiya layihəsinin maliyyələşdirilməsinə 83 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Sonra Mingəçevir şəhərinin sənaye potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkar 1,3 milyon manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər, əsasən, ərzaq məhsulları, tikinti materialları istehsalı sahələrinə, heyvandarlığın inkişafına yönəldiləcək. Ümumiyyətlə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 273,7 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti