...

Azərbaycan fermerleri subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsini təklif edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 19:41 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Salyan rayon Ərazi Kənd Təsərrüfatı İdarəsində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarından 200 vətəndaşla görüşüb.
Azərbaycan fermerleri subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsini təklif edirlər

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Salyan rayon Ərazi Kənd Təsərrüfatı İdarəsində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarından 200 vətəndaşla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən vətəndaşlar bildiriblər ki, onlar bu gün yanacaq, motor yağı, taxıl əkinləri, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunub, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnika və gübrələr alırlar.

Görüşdə iştirak edən vətəndaşlar, əsasən, kənd təsəsrrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün rayon fermerlərinin ortaq problemi olduğunu qeyd edərək bunların həlli ilə bağlı bir sıra təkliflərini nazirin diqqətinə çatdırıblar: texniki peşə xidmətlərinin tarif dərəcələrinin 15-20% aşağı salınması; subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi; mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması; rayonlarda müasir avadanlıqlarla təmin edilmiş aqrokimya laboratoriyalarının yaradılması; məhsul tədarükü üzrə məntəqə və bazaların yaradılması; kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması; toxumçuluq təsərrüfatlarına 50% güzəştli verilən gübrələrin miqdarını artırmaq; kənd təsərrüfatına tətbiq edilən vergi güzəştlərinin vaxtının uzadılması; kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin tikilməsi; üzümçülyün inkişafına dair təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq fermerlərə verilən kreditlərin məbləğinin artırılması; pambıq, yağlı bitkilərin istehsalına verilən yardımın artırılması; süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi; yem bitkilərinin, silosluq qarğıdalı, silosluq günəbaxan, soya, xaşa, yem çuğundurunun hər hektarına subsidiyaların verilməsi; kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi.

Nazir İsmət Abasov vətəndaşların arzu və istəklərini nəzərə alaraq bəzi məsələləri yerindəcə həll edib, digər problemlərin həlli ilə əlaqədar isə nazirliyin müvafiq qurumlarına göstərişlər verib.

Salyan rayon Ağsaqqallar Şurasının üzvləri də nazirin görüşünə gələrək kənd təsərrüfatının iqtisadiyyatımızın vacib bir sahəsi olaraq onun dinamik inkişafına əminliklərini bildirib.

Sonda nazir Salyan rayonunun mərkəzində rayon sakinləri ilə görüşüb, bazara baş çəkib, qiymətlərlə maraqlanıb və sakinlərin arzu və istəklərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti