...

Azərbaycan Monteneqroya kənd təsərrüfatı sahəsində sazişin imzalanmasının surətləndirilməsini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 19:16 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Monteneqronun kənd təsərrüfatı və kəndin inkişafı naziri Petar İvanoviçlə görüşüb.
Azərbaycan Monteneqroya kənd təsərrüfatı sahəsində sazişin imzalanmasının surətləndirilməsini təklif edir

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Monteneqronun kənd təsərrüfatı və kəndin inkişafı naziri Petar İvanoviçlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın cari vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub.

Abasov Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. Nazir iki ölkə arasında əməkdaşlığın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra yeni müstəviyə qədəm qoyduğunu qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 12 mart tarixində Monteneqroya səfəri, Prezident Filip Vuyanoviçin isə 2011-ci ilin sentyabr ayında Azərbaycana səfəri, habelə səfərlər çərçivəsində keçirilmiş görüşlər və aparılmış müzakirələr nəticəsində iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün yaxşı zəmin yaradıldığını vurğuladı.

Nazir əməkdaşlığa dair aşağıdakı təklifləri İvanoviçin nəzərinə çatdırdı: "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Monteneqronun Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş"in imzalanmasının surətləndirilməsi; iki ölkə arasında kənd təsərrüfatı məhsullarının məhdud ticarət dövriyyəsini nəzərə alaraq, kənd təsərrüfatı məhsullarının birgə sərgi-satış yarmarkalarının və biznes forumların keçirilməsi; Monteneqronun nisbətən inkişaf etmiş üzümçülük və şərabçılıq sənayesinə malik olduğunu nəzərə alaraq, bu sahədə mütərəqqi texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi; hər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması; bitkiçilik və heyvandarlıqda istifadə olunan genetik və bioloji materialların mübadiləsi; heyvandarlıqda süni mayalanma, damazlıq və seleksiya işləri sahəsində əməkdaşlıq; iki ölkə arasında heyvan və bitki mənşəli kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə baytarlıq və bitki mühafizəsi sahəsində müvafiq sazişlərin hazırlanması imkanlarının nəzərdən keçirilməsi.

İvanoviç Monteneqronun kənd təsərrüfatının mövcud vəziyyəti, investisiya tələb olunan sahələr barədə ətraflı məlumat verib və hər iki ölkə arasında ikitərəfli sazişin tezliklə imzalanmasında öz səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Petar İvanoviç İsmət Abasovu Monteneqroya səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti