...

İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 88 milyon dollara yaxın investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 18:37 (UTC +04:00)
Bu gün Bakı Biznes Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İsveçrənin federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Ammanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə İsveçrə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.
İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 88 milyon dollara yaxın investisiya yatırıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu gün Bakı Biznes Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İsveçrənin federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Ammanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə İsveçrə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Mustafayev Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyəti də ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır.

Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələr müxtəlif sahələri əhatə edir. İndiyədək iki ölkə arasında 20-dən çox sənəd imzalanıb. Azərbaycanda İsveçrə kapitallı 70-dən çox şirkət qeydiyyata alınıb. Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna İsveçrə şirkətləri tərəfindən 87,7 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu sahədə İsveçrənin "Holcim" şirkətinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Azərbaycan şirkətləri də İsveçrə iqtisadiyyatına maraq göstərirlər. Belə ki, ARDNŞ indiyədək İsveçrəyə 380 milyon İsveçrə frankı həcmində investisiya qoyub. Hazırda şirkətin bu ölkədə nümayəndəliyi fəaliyyət göstərir.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də ikitərəfli ticarət əlaqələridir. 2013-cü ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2,9 dəfə artıb. Nazir Şahin Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb və bu baxımdan, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın istiqamətlərindən biri də İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıqdır. Regional layihələr də daxil olmaqla, SECO tərəfindən Azərbaycanda 25 layihə həyata keçirilib ki, bunlardan 17-nin icrası başa çatdırılıb. 2012-ci ildə SECO tərəfindən 4 yeni layihənin icrasına başlanıb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatına dair məlumatları da qonaqların diqqətinə çatdırıb, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

İsveçrənin federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Amman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, Azərbaycan və İsveçrə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib. İsveçrəli nazir iş adamlarını bu potensialdan yararlanmaqla işgüzar əlaqələri daha da genişləndirməyə dəvət edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev isveçrəli qonaqları maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti