...

"Azərboru" ASC investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2013 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərboru" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 97,39 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin "Mülkiyyət" qəzetində dərc edilən məlumatda deyilir.

Məlumata görə, müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçılar yeni texnologiyaların tətbiqi, məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılmasına dair təkliflərlə investisiya proqramını təqdim etməlidirlər.

Həmçinin, investisiya təklifinin dəyərinin 5 faizə qədərinin müəssisənin hesablaşma hesabına köçürülməsi və dövlət büdcəsinə 14 milyon manatın ödənilməsinə dair təklif təqdim edilməlidir. İddiaçı niyyətinin ciddiliyini təsdiq etmək üçün istənilən bankın 1 milyon manat dəyərində zəmanət məktubunu təqdim etməlidir.

2013-cü il martın 1-nə olan vəziyyətə görə, "Azərboru" ASC-nin nizamnamə kapitalı 3,517 milyon manat təşkil edir, bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 1,759 milyon səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 3,426 milyon manat olan 1,713 milyon səhmdir.

Müəssisənin 31,526 milyon manat məbləğində, o cümlədən əməkhaqqına görə 0,39 milyon manat borcu var. Mal, xidmətlər və işə görə borclar isə 8,93 milyon manat təşkil edir.

Müəssisə 1949-cu ildən fəaliyyət göstərir. İşçilərinin sayı 1354 nəfərdir.

İddiaçılar investisiya müsabiqəsi barədə ətraflı məlumat almaq və özəlləşdirmə planı barədə tanış olmaq üçün 13 may 2013-cü il, saat 10:00-dan 17:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20.

Ərizə və təkliflər 13 may 2013-cü il, saat 10:00-dan 17:00-dək qəbul edilir.

Təkliflərə müsabiqə komissiyası tərəfindən mayın 15-də saat 11:00-dan etibarən komitənin binasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti