...

Azərbaycanda strateji valyuta ehtiyatları 2,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 00:46 (UTC +04:00)
Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir.
Azərbaycanda strateji valyuta ehtiyatları 2,6 faiz artıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir. Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergilər naziri Fazil Məmmədov deyib.

"2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosial təyinatlı xərclərin - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılmışdır", - nazir bildirib.

Fazil Məmmədovun sözlərinə görə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, eyni zamanda, bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyalar, regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan vermişdir.

"Regionların inkişafı, öz növbəsində, vergi daxilolmalarına da müsbət təsir göstərmişdir. Əhalinin böyük əksəriyyətinin regionlarda kənd təsərrüfatı ilə məşğul olmasına, ailə-kəndli təsərrüfatlarının və kəndli təsərrüfatının digər sahələrinin uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində 2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata alınan vergi ödəyicisinin 65,5 faizi regionların payına düşür. Cənab Prezident, qeyri-neft sektorunun ortamüddətli perspektiv hədəfinə çatmaq istiqamətində Sizin tərəfinizdən atılan ən mühüm addımlardan biri də daxili və xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi, o cümlədən dövlət investisiyalarının artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və yaxud 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir", - o bildirib.

Nazir qeyd edi ki, dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturun tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində vəsait xərclənmişdir. "Özəl sektorun inkişafının sürətləndirilməsi və həmçinin iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 11 faiz artmışdır. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqaməti verdiyiniz tapşırıqların icrasının nəticəsi olaraq respublika ərazisində yaradılan sənaye və texnologiya parklarının, idarəedici təşkilatının və operatorunun müddətsiz, bu cür parklarda fəaliyyət göstərən rezident hüquqlu şəxslər və fərdi sahibkarlar isə 7 il müddətinə bütün birbaşa vergiləri ödəməkdən azad edilmişdir. Sizin siyasi iradəniz hesabına qəbul edilən bu dəyişikliklər xarici və yerli investorlar arasında böyük rezonans doğurmaqla, innovativ istehsal və informasiya texnologiyalarının inkişafını sürətləndirəcək, bu sahədə qabaqcıl təcrübənin iqtisadiyyatda tətbiqinə geniş şərait yaradacaqdır.
Yuxarıda qeyd edilən tədbirlərlə yanaşı, Sizin "hər bir inkişaf nəhayət, ölkə vətəndaşlarının rifahını yüksəltməlidir" tələbiniz əməkhaqlarının davamlı artımı, əməkhaqlarından tutulan vergilərin azalması istiqamətində ardıcıl olaraq həyata keçirilməkdədir. Bu ildən gəlir vergisinin 14 faiz dərəcə ilə tutulan hissəsi 2000 manatdan 2500 manata qədər qaldırılmış, verginin yuxarı həddi isə 30 faizdən 25 faizə endirilmişdir. Görülən bu tədbirlər iş yerlərinin rəsmiləşdirilməsinə də müsbət təkan vermiş və əmək münasibətlərinə nəzarətin gücləndirilməsi ilə bağlı verdiyiniz tapşırıqlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə birgə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, son 9 ayda 56 mindən artıq vergi ödəyicisi üzrə 190 mindən yuxarı rəsmiləşdirilməmiş iş yerləri rəsmiləşdirilmişdir", - Fazil Məmmədov deyib.

Vergilər nazirinin sözlərinə görə, cari ilin 1 aprel tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə 589,9 milyon manat, o cümlədən bu ilin ilk 3 ayında 35,2 milyon manat məbləğində fərdi birdəfəlik ödənişlər edilmişdir.

"Möhtərəm cənab Prezident, Zati-aliləri, artıq heç kəsə sirr deyil ki, müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə ortamüddətli perspektivdə qarşıya qoyulan bütün hədəflərə nail olacaq və 2020-ci ilə daha güclü və daha firavan ölkə kimi qədəm qoyacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu yolda 2013-cü ilin də dövlətçiliyimizin uğurlu illərindən biri olması üçün üzərimizə düşən bütün vəzifələr tam şəkildə yerinə yetiriləcəkdir", Fazil Məmmədov dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının tapşırıqlarına əsasən İKT sisteminin təkmilləşdirilməsi, xüsusilə "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların stimullaşdırılması və digər məsələlərlə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək bildirib.

Xəbər lenti

Xəbər lenti