...

Azərbaycan Hesablama Palatası: Maliyyə şəffaflığının təmin olunmasında ali audit qurumunun rolu artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 17:33 (UTC +04:00)
Azərbaycanın Hesab Palatasının yoxlamaları nəticəsində bərpa edilən vəsaitlərin həcmi qurumun saxlanması üçün sərf olunan xərcləri dəfələrlə ötür.
Azərbaycan Hesablama Palatası: Maliyyə şəffaflığının təmin olunmasında ali audit qurumunun rolu artır

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Hesab Palatasının yoxlamaları nəticəsində bərpa edilən vəsaitlərin həcmi qurumun saxlanması üçün sərf olunan xərcləri dəfələrlə ötür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Təşkilatının (ARABOSAI) IV Birgə Konfransında çıxışı zamanı Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

"Son zamanlar həyata keçirilən nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla istifadə olunan böyük məbləğdə vəsaitlərin dövlət büdcəsinə bərpa olunmasına, səmərəsiz xərclərin qarşısının alınmasına, böyük həcmdə dövlət vəsaitinə qənaət olunmasına nail olunub ki, bu işlərin nəticəsində də büdcəyə bərpa edilən vəsaitlərin həcmi Palatanın saxlanılmasına sərf olunan vəsaitlərdən dəfələrlə çox olub", - Əsədov bildirib.

Onun sözlərinə görə, konfransda 44 ölkədən ali audit qurumları, 5 beynəlxalq və regional təşkilat yüksək səviyyədə təmsil olunub.

"Bu konfransın məram və məqsədləri ölkəmizdə maliyyə intizamının möhkəmləndirildiyi və antikorrupsiya fəaliyyətinin genişləndirildiyi bir şəraitdə ictimai vəsaitlərdən qənaətlə və səmərəli istifadə olunmasına, habelə strateji konsepsiyalarda nəzərdə tutulan məqsəd və vəzifələrə vaxtında və tam nail olunması üçün Hesablama Palatasının potensialının gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən göstərilən siyasi maraq və dəstəklə üst-üstə düşür", - Əsədov bildirib.

EUROSAI prezidenti Gilyerme d´Oliveyru Martinşin sözlərinə görə, bu konfrans EUROSAI və ARABOSAI-ın iştirakçı ölkələri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

"Audit qurumları maliyyə şəffaflığının təmin olunmasında və iqtisadiyyatın davamlı inkişafı üçün şəraitin yaradılmasında, həmçinin vətəndaşlarının hüquqlarının təmin olunmasında əhəmiyyətli elementdir", - Martinş bildirib.

ARABOSAI sədri Üsamə Faqihanın sözlərinə görə, son illərdə maliyyə nəzarəti orqanlarının rolu artır ki, bu da öz növbəsində korrupsiya ilə mübarizə sahəsində uğurlarla və maliyyə şəffaflığının təmin olunması ilə nəticələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti