...

Azərbaycanın icmal büdcəsinin xərcləri təqribən 60 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 17:49 (UTC +04:00)
2013-cü ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlir hissəsi 5 573,5 milyon manat təşkil edib.
Azərbaycanın icmal büdcəsinin xərcləri təqribən 60 faiz artıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

2013-cü ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlir hissəsi 5 573,5 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

İcmal büdcənin xərclər hissəsi il ərzində 1713,2 milyon manat və ya 53,7 faiz artaraq 4 906 milyon manata çatıb.

Məlumata görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 4 669,6 milyon manat, xərcləri 4 514,8 milyon manat təşkil edib ki, nəticədə 1 548 milyon manat həcmində profisit yaranıb.

2013-cü ilin I rübündə dövlət büdcəsinə daxilolmalar proqnoz göstəricilərini 31 faiz, ötən ilin analoji dövrünün göstəricisini isə 33,9 faiz üstələyib.

Vergilər Nazirliyi dövlət büdcəsinə ödənişlər üzrə proqnozu yerinə yetirərək vergi yığımından daxilolmaları 1 523,5 milyon manat səviyyəsində təmin edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 133 milyon manat və ya 9,6 faiz üstələyir.

Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə ödənişlər üzrə proqnozu 0,3 faiz icra edərək 289,5 milyon manat ödənişi təmin edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisini 15 faiz üstələyir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 2 840,4 milyon manat təşkil edib. Dövlət büdcəsinə digər daxilolmalar üzrə ödənişlər 16,2 milyon manat olub.

Yanvar-mart aylarında dövlət büdcəsinin xərclər hissəsi ötən ilin analoji dövrünün göstəricisini 1 671,6 milyon manat və ya 58,8 faiz üstələyib.

Hesabat dövründə sosial yönümlü xərclər 1,164 milyard manat və ya dövlət büdcəsinə daxil olan vəsaitlərin 25,8 faizini təşkil edib.

2013-cü ilin I rübündə dövlət büdcəsinin investisiya xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə və ya 929 milyon manat artaraq 1913 milyon manat təşkil edib.

Birinci rübdə təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 225 milyon manat, enerji, su təchizatı, qaz, yol, su, hava və metro nəqliyyatı, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1 688 milyon manat vəsait yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti