...

İqtisadi İnkişaf Nazirliyində "Açıq qapı" günü - vətəndaş forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 19:30 (UTC +04:00)
Aprelin 18-də İqtisadi İnkişaf Nazirliyində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü - vətəndaş forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyində "Açıq qapı" günü - vətəndaş forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 18-də İqtisadi İnkişaf Nazirliyində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü - vətəndaş forumu keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, "Açıq qapı" günü - vətəndaş forumunun vətəndaşların və KİV nümayəndələrinin nazirliyin fəaliyyəti ilə daha yaxından tanış olması məqsədilə keçirildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, "Açıq qapı" günü - vətəndaş forumu ictimaiyyətə nazirliyin fəaliyyəti ilə bağlı dolğun və geniş informasiyanın çatdırılmasına, nazirliklə vətəndaşlar arasında əlaqələrin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir.

İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Abbas Əliyev nazirliyin fəaliyyətinə və nazirlik tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, nazirlik tərəfindən vətəndaşlara göstərilən xidmətlər tamamilə elektronlaşdırılıb. Hazırda vətəndaşlara 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Bundan başqa, vətəndaşlar onlayn rejimində qəbula yazıla, müraciət edə, Nazirliyin məsul işçiləri ilə canlı videoəlaqə yarada, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə) ilə tanış ola, www.icazeler.gov.az və www.b2b.az portallarının imkanlarından yararlana, nazirliyin məlumatlarına elektron abunə yazıla bilərlər.

Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev isə nazirliyin göstərdiyi interaktiv və informativ elektron xidmətləri əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirmişdir.

Sonra "Açıq qapı" günü - vətəndaş forumunun iştirakçıları və KİV nümayəndələri İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinin fəaliyyəti ilə əyani şəkildə tanış olmuşlar. 195-2 Telefon Məlumat Mərkəzinin rəisi Tarverdi Əliyev bildirmişdir ki, mərkəzə daxil olmuş müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi mexanizmi, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edir. Ümumilikdə, 195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 19 minə yaxın müraciət edilib. Sorğular operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Görülmüş tədbirlər barədə müraciətçilərə məlumat verilir.

"Açıq qapı" günündə iştirak edən vətəndaşların və KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

Bu cür tədbirlər İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda da təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti