...

İqtisadi liderlik kursu

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2013 14:40 (UTC +04:00)
Azərbaycanda müstəqillik dövründə əldə olunmuş uğurlar bu gün dünyanın ən nüfuzlu təşkilatları tərəfindən tanınır.
İqtisadi liderlik kursu

Azərbaycan, Bakı, 20 aprel /Trend/

İlahə Məmmədli, Trend-in baş redaktorunun iqtisadiyyat üzrə müavini

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ölkəni regional liderə çevirən bütün vacib iqtisadi islahatların təməli qoyulmuşdur

Azərbaycanda müstəqillik dövründə əldə olunmuş uğurlar bu gün dünyanın ən nüfuzlu təşkilatları tərəfindən tanınır. 22 il ərzində Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilmiş Azərbaycanın ÜDM-nin payına region ölkələrinin iqtisadiyyatının 75 faizi düşür. Ölkə dünyada sürətli iqtisadi inkişaf, rəqabət və yüksək kredit reytinqi əldə etmişdir.

Bəllidir ki, güclü iqtisadiyyatı, müstəqil xarici siyasəti, demokratik imici, intellektual-mənəvi potensialı olmayan millət güclü dövlət qurmağa qadir deyil. Heydər Əliyevin müdrik baxışı Azərbaycanın inkişafında böyük uğur əldə etməyə kömək etmişdir. Bununla yanaşı, Azərbaycan qonşu və uzaq ölkələrlə münasibətlərini uğurla davam etdirir və dünya miqyasında təsiri güclənmişdir, ölkəmiz dünya arenasında layiqli mövqe tutmuşdur. Eyni zamanda, Azərbaycanın Qafqaz regionunda və onun kənarlarında transmilli layihələrdə iştirakı təmin edilmişdir, hökumət siyasəti isə xalqımızın milli maraqlarına uyğun həyata keçirilmişdir.

Düzgün seçilmiş kurs sayəsində Azərbaycan Respublikası yaxın gələcəkdə beynəlxalq ictimaiyyətin ən qabaqcıl ölkələrindən birinə çevriləcək və bu kursun qurucusu ümummilli lider Heydər Əliyevdir.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan suveren hüquqlarını gerçəkləşdirməyə və iqtisadi sahədə müstəqil siyasət aparmağa başlamışdır. Bu fəaliyyətin əsas istiqamətlərindən biri fərqli sahibkarlıq formalarına əsaslanan iqtisadiyyat sistemi yaratmaq, bazar münasibətlərinə keçid və dünya iqtisadiyyatına inteqrasiya olub.

Müstəqillik əldə etdikdən bu günə kimi Azərbaycanın iqtisadi inkişafını iki əsas mərhələyə bölmək olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən xaos və tənəzzül dövrü olmuşdur. İkincisi isə 1996-cı ildən başlayan və bu günə qədər davam edən makro-iqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı dövrü.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin işi nəticəsində qısa müddətdə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara və dünya iqtisadiyyatına inteqrasiya edilməsinə nail olunmuşdur. Ən böyük nailiyyət isə müstəqil dövlət quruculuğunda yeni inkişaf və iqtisadi islahatlar modeli - Azərbaycan modelinin yaradılmasıdır.

İqtisadi siyasətin və Heydər Əliyevin neft strategiyasının əsas məqsədi Azərbaycanda davamlı iqtisadi tərəqqinin təmin edilməsi olmuşdur. "Azərbaycan 2020: Gələcəyə baxış" kimi mühüm sənədin konsepsiyası da ümummilli lider Heydər Əliyevin xalqın marağına yönəldilmiş siyasətindən qaynaqlanır.

Tarixi yol: müstəqilliyin təmin edilməsi

Azərbaycan bu nailiyyətləri necə əldə etdi? 1969-cu ildən başlayaraq Heydər Əliyevin bütün siyasi fəaliyyətini nəzərdən keçirdikdə, deyə bilərik ki, bu görkəmli tarixi şəxsiyyət çox qısa müddətdə Azərbaycanın Sovet İttifaqının qabaqcıl respublikasına çevrilməsinə nail olmuşdur. Ölkədə geniş iqtisadi islahatlar başlamışdır və bunun nəticəsində neft və pambıq istehsalına görə lider mövqeyini tutmuş Azərbaycan sənaye-aqrar respublikasına çevrilmişdir. Heydər Əliyev 1996-cı ildə çıxışlarının birində "Azərbaycanın müstəqil şəkildə mövcudluğu üçün hər cür şərait var" demişdir. Faydalı qazıntılar, neft və qaz yataqları, digər resurslar və böyük sənaye potensialı ilə yanaşı, Azərbaycanın çox böyük aqrar potensialı var, əsasən də kənd təsərrüfatı sektoru və qida məhsullarının istehsalında.

O illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının gələcək müstəqilliyinin əsasını qoyan güclü iqtisadi baza yaratmağa nail olunmuşdur. Respublikanın elektrik enerjisinin təmin edilməsinə də şərait yaradılmışdır. Nəticədə, qısa müddət ərzində Azərbaycanın sosial-mədəni mənzərəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır, ölkədə yeni zavodlar, fabriklər, elektrik stansiyaları, neft mədənləri, suvarma və nəqliyyat sistemləri istifadəyə verilmişdir. Belə ki, 1969-1982-ci illərdə milli gəlir 2,5 dəfə, sənaye istehsalı və məhsuldarlıq isə iki dəfə artmışdır. 14 il ərzində ümumi sənaye istehsalının həcmi əvvəlki yarım əsrin istehsalına bərabər olmuşdur. Kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8 dəfə artmışdır. Ümumi istehsal həcmi 2,7 dəfə, istehlak mallarının istehsalı isə 3 dəfə artmışdır.

Azərbaycan 1970-1985-ci illərdə İttifaqda neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, kondisioner, gübrə, çini və çini qablar, xalçalar və xalça məmulatları istehsalı üzrə aparıcı yer tutmuşdur. Ölkəmizdə istehsal olunan 350 adda məhsullar 65 ölkəyə ixrac olunurdu.

1982-ci ildə kimya və neft-kimya, maşınqayırma və metal emalı, yüngül və yeyinti sənayesində ümumi sənaye strukturunun payı 75,6 faiz təşkil etmişdir, 1913-cü ildə isə bu, 14,8 faiz olmuşdur.

Əgər Azərbaycanda XIX əsrin ikinci yarısından 1969-cu ilə qədər (yəni təxminən 100 il) 735 iri sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin hakimiyyəti dövründə (yəni cəmi 14 il) ərzində onların sayı 1048-ə çatmışdır.

Bu dövrdə elektron mühəndisliyi, radio sənayesi, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların tikintisi və s. kimi mütərəqqi sənaye sahələri mövcud olmuşdur.

Müstəqilliyin bərqərar olması: Neft strategiyası

Bu cür islahatlar Heydər Əliyevin ikinci rəhbərliyi dövründə də həyata keçirilmişdir. 1993-cü ilin iyun ayında hakimiyyətə gələndə onun əsas məqsədi bazar iqtisadiyyatı bazasında ümumi daxili məhsulun artması, neft və qeyri-neft sektorunun sürətli inkişafı üçün islahatlar aparmaq olub.

Yəqin ki, ümummilli liderin ən görkəmli nailiyyətlərindən biri yeni neft strategiyasının yaradılmasıdır. Belə ki, 20 sentyabr 1994-cü ildə milli iqtisadiyyatın inkişafında böyük rol oynayan "Əsrin müqaviləsi" imzalanmışdır. Rasional siyasət nəticəsində neft hasilatından əldə edilən vəsait ictimaiyyətin müxtəlif sahələrinə yönəlmişdir. Xüsusi qeyd etmək lazımdır ki, neft strategiyasını önə gətirən ümummilli liderin məqsədi nəinki Azərbaycanın iqtisadi perspektivini həyata keçirmək, həm də ölkəmizin milli təhlükəsizliyinin müdafiəsinə yönəlmiş möhkəm və dayanıqlı siyasi xətt yaratmaq idi. Çünki məhz bu strategiya Azərbaycana beynəlxalq arenada öz geostrateji mövqeyini möhkəmləndirməyə kömək etmişdir.

20 sentyabr 1994-cü il qızıl hərflərlə müstəqil Azərbaycan Respublikasının tarixinə həkk olunmuşdur və indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaqdır. Dünyada "Əsrin müqaviləsi" kimi tanınan müqavilənin imzalanması və reallaşdırılması Heydər Əliyev tərəfindən hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişafının konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin aydın göstəricisidir.

Strategiyanın reallaşdırılması Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarına dair 30 illik müqavilənin imzalanmasından başlayıb. Razılaşma ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bir sıra ölkələrdən 12 tanınmış neft şirkəti arasında bağlanmışdır (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı).

İlk neft müqaviləsinin ardınca bir sıra digər mühüm sazişlər imzalanmışdır. 1997-ci ilin noyabr ayında daha səkkiz neft-qaz yatağının inkişafına dair sazişlər imzalanmışdır (o cümlədən struktur inkişafına görə "Qarabağ", "Şahdəniz", "Əşrəfi", "Dan ulduzu", "Lənkəran-dəniz" və "Talış-dəniz"). 1993-2003-cü illər ərzində dünyanın 41 neft şirkəti ilə 21 saziş imzalanmışdır.

1999-cu ildə "Şahdəniz" qaz və kondensat yatağı aşkar edilmişdir və Azərbaycan "mavi yanacağ"ın potensial ixracatçısı kimi özünü tanıtmışdır.

18 sentyabr 2002-ci ildə əsası qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisi bu layihənin həyata keçməsi üçün 8 il mübarizə aparmış Heydər Əliyevin adı ilə bağlıdır.

Həmçinin, Cənubi Qafqaz qaz kəmərinin təməlli qoyulmuşdur (Bakı-Tbilisi-Ərzurum). Azərbaycan, Türkiyə və Gürcüstan arasında bu layihələr üzrə bağlanmış razılaşmalar neft strategiyasının həyata keçməsində mühüm addım olmuşdur. Bundan əlavə, Azərbaycan neftinin dünya bazarına tranziti üçün 1997-ci ildə istifadəyə verilmiş Bakı-Novorossiysk ixrac boru kəməri bərpa olunmuşdur. Yeni neft strategiyasının inkişafı və "Şərq-Qərb" enerji dəhlizinin həyata keçirilməsi Bakı-Supsa neft kəmərinin tikintisində böyük yer tutmuşdur.

Həyata keçirilən tədbirlər nəticəsində 1996-1998-ci illərdə neft hasilatının həcmi sabit səviyyədə qalmışdır (9,1 milyon ton). 1999-cu ildən başlayaraq isə neft hasilatı yüksələrək 2001-ci ildə 14,9 milyon ton təşkil etmişdir. 2002-ci ildə neft hasilatının həcmi yüksələrək 15,4 milyon tona, 2003-cü ildə isə 15,4 milyon tona çatıb. Neft və qaz sektorunda həyata keçirilən tədbirlərin nəticəsi olaraq, 2012-ci ilin yekunu üzrə ölkədə neft hasilatının həcmi 43 milyon ton, qaz hasilatı isə 26,9 milyard kubmetr təşkil etmişdir.

29 dekabr 1999-cu ildə neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsünü təşkil etmək üçün "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imazalanmışdır. ARNDŞ qarşısında qoyulan məqsədlərdən biri neft satışından gələn gəlirlərin gələcək nəsillər üçün konsentrasiyası və dəfələrlə artırılmasıdır. Neft Fondunun ilk vəsaitləri ən yoxsul və aztəminatlı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün istifadə edilmişdir.

Sənaye və nəqliyyat

Neft hasilatı ilə yanaşı, neft və qaz, kimya və neft-kimya, maşınqayırma və metal, tikinti materialları istehsalı, o cümlədən sənaye istehsalının bütün sahələrində artım müşahidə edilmişdir. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı, emal sənayesi də inkişaf etmişdir.

1993-2003-cü illərdə üç mindən çox yeni müəssisə açılmışdır və 2004-cü il yanvarın 1-nə onların sayı 5536 olmuşdur. Ümummilli liderin "açıq qapı" siyasəti nəticəsində ölkədə xarici və birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. 1995-2000-ci illərdə xarici və birgə müəssisələrin sayı 5 dəfə artaraq 1478 olmuşdur. Bu halda ümumi investisiyanın 71,4 faizini xarici investisiyalar təşkil etmişdir. Bu həcmdən 3,3 milyard dollar neft və qaz sənayesinin payına, 2,5 faizi isə digər sənayelərin inkişafına düşmüşdür.

Hazırda Azərbaycanda 4517 xarici investisiyalı müəssisə (cəmi 5,6 faiz payla) və 1509 birgə müəssisə (1,9 faiz) fəaliyyət göstərir. Onlarda minlərlə iş yeri açılmışdır.

Qeyri-hökumət sektorunun artım nəticəsi kimi yeni sahibkarlıq subyektlərinin formalaşması, kiçik sahibkarlığın dinamik inkişafı və genişləndirilməsi, fiziki şəxslərin bu sahəyə axınını göstərmək olar.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planının icrası ölkənin ixrac potensialının yüksəlməsinə, ixrac məhsullarının keyfiyyətinin və çeşidinin artmasına, xarici ölkələrin Azərbaycan məhsulları ilə tanışlığına müsbət təsir edib.

Avropa və Asiya qitəsinin kəsişməsində yerləşən Azərbaycanın coğrafi və geosiyasi yeri nəzərə alınaraq, ölkəmiz Avropa və Asiya arasında iqtisadi, nəqliyyat əlaqələrinin yaradılması və inkişafında xüsusi rol oynamışdır. Azərbaycan, Mərkəzi Asiya və Qazaxıstanda birgə fəaliyyət göstərən şirkətlər tərəfindən Cənubi Qafqaz magistralı, "Avropa-Asiya" nəqliyyat dəhlizi yaradılmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan neftin dünya bazarlarına ixracı ilə yanaşı, ölkəmiz Qazaxıstan və Türkmənistan neftinin ixracını təmin edən mərkəzə çevrilmişdir.

Azərbaycan 1993-cü ildə "Trans-Qafqaz nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya" proqramını (TRASEKA) qəbul edərək dünya iqtisadiyyatına inteqrasiyaya daha bir atdım atdı. 1995-1998-ci illərdə Avropa-Asiya marşrutunun aktiv istifadə edilməsi nəticəsində ticarət dövriyyəsi 10 dəfə artmışdır. Nəticədə, dəhlizin Azərbaycan sektorunda yükdaşımaların həcmi 1995-ci ildə 355 min tondan 2000-ci ildə 5,2 milyon tona (15 dəfə artım) çatmışdır.

Aqrar-sənaye kompleksində köklü islahatlar

Müstəqil Azərbaycanın gələcəyi aqrar-sənaye sektorunun səmərəli istifadəsindən asılıdır. Ümummilli liderin bu fikri iqtisadi inkişafın perspektivləri - iqtisadiyyatın diversifikasiyası, yəni neftdən asılılığı azaltmaq və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə üst-üstə düşür.

Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahəsi olaraq ölkənin inkişafında və əhalinin lazımi istehlak malları ilə təmin edilməsində mühüm rol oynamışdır.

1969-cu ildə Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin təməli qoyulmuşdur, həmçinin ölkədə geriləmiş sahələrin elmi inkişaf yollarının axtarılmasına başlamışdır. Heydər Əliyev elmi nailiyyətlərdən istifadə etmək, kənd təsərrüfatında struktur islahatlarının aparılması, yeni ehtiyat mənbələrinin aşkar edilməsi və cəlb olunması sayəsində geriləmənin qarşısını alaraq bu sahənin gələcək inkişafını təmin etmişdir.

Kənd təsərrüfatının inkişaf prosesində ölkənin bir sıra regionlarının ixtisaslaşmasına böyük diqqət ayrılmışdır. Məsələn, Lənkəran zonasına tez yetişən tərəvəzlərin istehsalının təşkili və böyük şəhərlərə göndərilməsinə görə "Ümumittifaq bostanı" adı verilmişdir.

Bu, mexanikləşdirmə, suvarma və kimyalaşdırma sahəsində aparılan işlərlə yanaşı, kənd təsərrüfatının dirçəlməsində əsas faktor olmuşdur. Belə ki, 1969-cu ilədək Azərbaycanın kənd təsərrüfatı sahəsi çox geridə qalmışdı. Azərbaycan SSR ümumittifaq miqyasında heyvandarlıq və bitkiçilik sahəsində, texnikadan istifadə və torpaq işləri, rentabellik və əmək məhsuldarlığının səviyyəsinə görə son yerlərdən birini tutmuşdur.

Lakin görülmüş tədbirlər nəticəsində 1970-ci ildə pambığın məhsuldarlığı hər hektardan 17,4 sentnerə, dənli bitkilərin məhsuldarlığı isə 12 sentnerə çatdırıldı. Bu məhsuldarlıq respublikada son 13 ildə pambıqçılıqda, son 20 ildə isə dənli bitkilərin istehsalında qeydə alınmamışdı.

Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu bu tendensiyanı davam etdirir.

Əkin sahəsinin 1,5 dəfə azalmasına baxmayaraq, 2012-ci ildə xam pambığın orta əkini də 2011-ci illə müqayisədə 25,8 faiz (19,5 sentnerə qədər artım) artmışdır. Ölkə taxıl istehsalında əhəmiyyətli uğurlar əldə etmişdir. Belə ki, 2013-cü ildə Azərbaycan daxili istehsalına öz ehtiyaclarını tam ödəyə biləcək. Ötən il hər hektar torpaqdan 27,2 sentner taxıl yığılmışdır.

1995-1996-cı illərdə "Aqrar islahatın əsasları haqqında", "Kolxoz və sovxozların islahatları haqqında", "Torpaq islahatı haqqında" qanunların və digər mühüm qanunvericilik aktlarının qəbul edilməsi kənd təsərrüfatı sektorunda qəti islahatlar aparmağa imkan verdi. "Torpaq islahatı haqqında" qanunda MDB məkanında ilk dəfə olaraq torpaqların şəxsi mülkiyyətə keçməsi, eləcə də alqı-satqısı əksini tapmışdır.

Qeyd edək ki, SSRİ-nin əksər dövlətlərində bu vaxta kimi torpaq islahatları aparılmamışdır, Azərbaycanda isə bu proses qısa zaman çərçivəsində bitmişdir. Torpaqların sahibkarlara pulsuz paylanması aqrar sektorun və kənd sahibkarlığının inkişafının əsaslarını qoymuşdur. Məhz buna görə də bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir.

Kənd təsərrüfatında əsas struktur dəyişiklikləri nəticəsində dövlət və kollektiv təsərrüfatlar daxil olmaqla, bütün kənd təsərrüfatı müəssisələri ləğv edilmiş və onların əmlakı üzvləri arasında bölüşdürülmüşdür. Dövlət mülkiyyətində az sayda heyvandarlıq, əkinçilik və kənd təsərrüfatının digər növləri qalmışdır. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratmışdır. Yaradılmış bu özəl sektor kənd təsərrüfatının əsas sektoruna çevrilmiş və 2000-ci ildə 98 faiz kənd təsərrüfatı məhsullarını təşkil etmişdir.

2001-ci ilin yanvar ayına 1,329 milyon hektar torpaq özəlləşdirilmişdir. Bu dövrdə istehsal kooperativləri, səhmdar cəmiyyətləri, özəl fermer assosiasiyaları və digər təşkilatlar yaradılmışdır. 149 min hektar ərazidə 33 min fərdi təsərrüfat fəaliyyət göstərirdi.

Hazırda Azərbaycanda dövlət proqramı çərçivəsində əhalinin ərzaq və qida məhsulları ilə sabit təchizatı üçün müasir emal müəssisələrinin, taxıl, meyvə və tərəvəz saxlanması üçün saxlama qurğularının tikintisi həyata keçirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış güzəştli kreditlər hesabına 40 müasir soyuducu-anbar kompleksi, 21 taxıl anbar kompleksi, 20 çörək istehsalı müəssisəsi, 10 ətlik və südlük istiqamətli heyvandarlıq kompleksi, 14 ət və süd emalı müəssisəsi, 36 quşçuluq təsərrüfatı, 25 istixana kompleksi və 126 müəssisə tikilərək istismara verilib, digər layihələr çərçivəsində isə tikinti işləri davam edir. Bu layihələrin həyata keçirilməsi üçün SKMF tərəfindən 332 milyon manat güzəştli kredit ayrılmışdır.

Bazar iqtisadiyyatına doğru

Azərbaycanda aqrar sektorda aparılan islahatlar öz radikallığı və tempinə görə köklü şəkildə nəinki ölkə iqtisadiyyatının başqa sahələrindən, həmçinin MDB ölkələrində aparılan islahatlardan əhəmiyyətli dərəcədə fərqlənmişdir. Bundan əlavə, bu islahatlar ölkədə özəl mülkiyyətin və sahibkarlığın inkişafının formalaşmasında xüsusi rol oynamışdır. Hazırda müəssisələrin 78,9 faizi (63 792 müəssisə) özəl sektorun payına düşür.

Bazar islahatlarının əsas istiqaməti dövlət əmlakının özəlləşdirilməsi, fərdi və kollektiv sahibkarlığın inkişafı, istehsal səmərəliliyinin artırılması və iqtisadi dirçəlişi sürətləndirməkdir. Belə ki, 1996-cı ildən dövlət əmlakının özəlləşdirilməsi prosesinə start verildi, bu proses indi ikinci dövlət proqramı çərçivəsində də davam etdirilir.

Bank sistemində islahatların aparılması banklara inam yaradılmasında mühüm rol oynamışdır. Ölkədə müasir bank quruculuğu üzrə işlər başlamışdır, ikimərhələli bank sisteminin yaradılması, bankların gücləndirilməsi, onların nizamnamə kapitalının artması üçün tədbirlər keçirilmişdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davam gətirə bilməyən zəif banklar ləğv edildilər. Ölkədə bankların sayının 250-dən 43-ə enməsinə baxmayaraq, bazarın ümumi kapitalının həcmi 200 dəfə artıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadi siyasətinin başlıca məqsədi beynəlxalq maliyyə institutları və iqtisadi təşkilatlarla münasibətlərin qurulmasına yönəlmişdir. Ötən dövr ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan, demək olar ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının - 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür və mütəmadi olaraq bu strukturlarla iqtisadi problemlər və bazar iqtisadiyyatına keçidlə bağlı məsləhətləşmələr aparılır və onların maliyyə imkanlarından istifadə edilir.

Və son olaraq, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı mühüm nailiyyətlərə nəzər salaq. Beləliklə, son 22 ildə:

- Dünya Bankının apardığı sorğuya əsasən, 1996-cı ildə Azərbaycanda yoxsulluq səviyyəsi 61 faiz təşkil etmişdir. 2001-ci ildə əhalinin yoxsulluq həddi 49 faiz, 2012-ci ildə isə bu göstərici altı faizə enmişdir;

- inflyasiya nəzarətdə saxlanılıb (1994-cü ildə təxminən 1800 faiz təşkil etmişdir). 1996-cı ildən etibarən Azərbaycanda inflyasiyanın səviyyəsi iki-üç faizdən çox artmamışdır, lakin 2004-cü ildə 6,7 faiz, 2008-ci ildə isə 20,8 faiz təşkil etmişdir. Dünya iqtisadiyyatının qeyri-sabit vəziyyətini nəzərə alaraq, Azərbaycanda 2012-ci ilin yekunları üzrə inflyasiyanın səviyyəsi 1,1 faiz təşkil etmişdir. Büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi dayandırılmışdır, büdcə kəsiri ÜDM-in bir-iki faizi səviyyəsində azalıb;

- Azərbaycan iqtisadiyyatına cəmi 140 milyard dollar investisiya yatırılmışdır ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Strateji valyuta ehtiyatları 48 milyard dollara çatıb;

- son səkkiz ildə ÜDM-in həcmi üç dəfə, adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru isə 2,2 dəfə artıb.

Dinamik iqtisadi artım nəticəsində Azərbaycan "gəlirləri orta səviyyədən yüksək olan" ölkələr arasında mövqeyini möhkəmlətmişdir.

Bu rəqəmlər Heydər Əliyev tərəfindən seçilmiş və hazırda Azərbaycan Respublikasının rəhbərliyinin davam etdirdiyi iqtisadi kursun nə qədər düzgün olduğunu aydın göstərir.

Məqalə İqtisadi İnkişaf Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda elan edilmiş müsabiqəyə təqdim olunur.

Xəbər lenti

Xəbər lenti